Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilmiş və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılmış və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Özündə üç rəngi, lakin böyük “ dünyanı” ehtiva edən bayrağımızı Sovetlər birliyinin tənəzzülü dövründə yenidən ucaltmaq isə məhz Ulu Öndərimizə məxsusdur. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Bu, vaxtında və cəsarətlə atılan bir addım idi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir.
Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərara dair fikri: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Ola bilməzdi və heç vaxt mümkün olmazdı ki, üçrəngli bayrağımız düşmənlərimiz tərəfindən işğal olunmuş ərazilərimizdə dalğalanmasın! Çünki bu bayrağımızı müstəqilliyimizi bərpa edən və onu qoruyub saxlayan Ulu öndərimiz qaldırmışdı. 30 ilə yaxın bir müddətdə 1992-ci ildən etibarən Qarabağımız və ətraf rayonlarımız Azərbaycan bayrağına həsrət idi. Bu hər bir ölkə vətəndaşımızın ürək ağrısına və qəlb yarasına çevrilmişdi. Lakin Müzəffər Ali Baş Komandanımızın cəsarətli və planlı addımı, döyüşən ordumuzun şücaəti sayəsində bayrağımız Şuşamızda, Laçınımızda, Xankəndimizdə, Xocalımızda bir sözlə sözün həqiqi mənasında Azərbaycanımızda dalğalanır. Dövlətimizin başçısı 15 oktyabrda Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu məqamı xalqımız çox səbirsizliklə gözləyirdi və mən çox əminliklə deyə bilərəm ki, xalqımızın həmin andakı sevinci 44 günlük zəfər qələbəmizin sevincinə bərabər oldu. Çünki erməni separatizmi elə məhz Xankəndində baş qaldırmış və xunta rejimi məhz oradan idarə olunmuşdu. Bu gün Azərbaycan Respublikasında heç bir rejimin nə saxta gerbi, nə saxta himni, nə də ki saxta bayrağı yoxdur. Azad, müstəqil Respublikamız və onun ərazizində dalğalanan, həm də bu ərazilərin məhz bizlərə məxsus olduğunu dünyaya bəyan edən üçrəngli bayrağımız var.
Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin
direktoru Cavad Mustafayev