Bayraq -tarixən xalqların, dövlətlərin özünü ifadə vasitələrindən biri olmuş, milli-vətənpərvərlik hisslərinin formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir.
Bayraq təkcə dövlətləri bir-birindən fərqləndirən rəmzi vasitə olmayıb, həmin dövlətin tarixini, suverenliyini, demokratikliyini, sülh və barışa münasibətini, tərkibindəki xalqların milli-mənəvi dəyərlərini,millətin, dövlətin şərəf və ləyaqətini özündə təcəssüm etdirir. Bu səbəblərdən dolayı, bayraq hər zaman müqəddəs hesab olunub.
Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Cümhuriyyətimizin qurucusu M.Ə.Rəsulzadə və Əli Bəy Hüseynzadənin ideya müəllifi olduğu üçrəngli bayrağımız özündə “Türkçülük, müasirlik və islamçılıq” ideologiyalarını ehtiva edərək dövlətimizin milli-mənəvi, dini dəyərlərə önəm veriyini və ümumbəşəri prinsiplərə tolerant münasibətini göstərir.
M.Ə. Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” şüarı 70 ildən sonra ümumilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə reallığa çevrildi.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.
Prezidentimiz İlham Əliyevin 2009-cu il noyabr ayının 17-də imzaladığı sərəncama əsasən hər il Noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Bayrağımıza hörmət etmək, onu qorumaq, onun tarixini və ehtiva etdiyi dəyərləri təbliğ etmək, vətən uğrunda, bayraq uğrunda öz canlarından, sağlamlığından keçən şəhid və qazilərimizi unutmamaq hər bir Azərbaycan vətəndaşının borcudur.
Bu yolda ulu öndərimiz Heydər Əliyevin və cənab Prezidentimiz İlham Əliyevin nəsihət və tövsiyələri hər zaman yolumuzu aydınladır.
Heydər Əliyev "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin...".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Balaxanı qəsəbəsi 4 nömrıli tam orta məktəbin
ibtidai sinif müəllimi Tünzalə Məmmədova