İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Dəmir Yumruq əməliyyatı ilə Zəfər tariximizə yazılan Böyük Qələbə, güclü dövlətimizin iqtisadi gücünün nümayişi ilə yanaşı xalqımızın qələbə əzminin də əyani təsdiqidir. Xalq-Prezident-Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, tarixi torpaqlarımızın işğaldan azad olunmasında mühüm əhəmiyyət daşıyır. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Bununla da Ordunun döyüş qabiliyyəti möhkəmlənib, yüksəlib, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edilib. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.
“Məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək”- cənab Prezidentin səsləndirdiyi fikirlər öz təzahürünü infrastrukturu tamamilə məhv edilmiş torpaqlarımızın yenidən qurulması, dağıdılmış abidələrimizin, məhv edilmiş mədəni irsimizin bərpası üçün bu gün davamlı olaraq aparılan yenidənqurma işlərində təcəssüm edir. Şuşanın azad olması Qarabağ torpaqlarına sülh və inkişaf gətirdi. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. İşğaldan azad olmuş torpaqlarımızda mədəni irsimizin bərpası istiqamətində əsaslı layihələr həyata keçirilir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı həm də tarixi torpaqlarımızın, ənənələrimizin bərpasını da əhatə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və Ordumuzun rəşadəti sayəsində bu gün qalib ölkənin vətəndaşları kimi Zəfər Gününü qeyd edirik və öz qanlarıyla Şanlı Tarixi yazan şəhidlərimizi isə tarixdə əbədi yaşadacağıq.
Bu gün Dəmir Yumruq əməliyyatı nəticəsindən dərs almayan, revanşist xülyalara qapılan separatçılar yenə də baş qaldırsalar da 2023-cü ilin 19-20 sentyabr tarixlərində cəmi 23 saat müddətində müzəffər ordumuzun anti-terror əməliyyatı qarşısında dayana bilməyib ağ bayraq qaldırdılar. Bu gün Şanlı bayrağımız Ağdərədə, Xocavənddə, qan yaddaşımız Xocalıda və “Xan ocağı” Xankəndində, dalğalanır.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Vüsalə Əliyeva