Rusiya Qarabağdan çıxır, Türkiyə isə artıq Ermənistandadır - Ekspert danışır

Rusiya Qarabağdan çıxır, Türkiyə isə artıq Ermənistandadır - Ekspert danışır Rusiyanın Qarabağda qalmaq imkanı yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı tarixçi və ekspert Modest Kolerov deyib.

O bildirib ki, sülhməramlıların özləri Qarabağda “quş hüquqları” (müvəqqəti, köçməyə hazır – red.) ilə yerləşiblər. Onun fikrincə, buna səbəb sülhməramlıların detallı mandatının olmamasıdır:

“Bakı təfərrüatlı mandat verməkdən imtina etdi. Bakının mandatı uzadacağına (2025-ci ildə - red.) isə əmin deyiləm”.

O hesab edir ki, sülhməramlılar döyüşməyəcək, çünki təfərrüatlı mandat olmadan heç bir hərəkət legitim sayılmayacaq:

“Əgər Ukraynada vəziyyət indi başa çatsa və Kiyev təslim olmağa yaxınlaşsaydı, Rusiyanın Qarabağ məsələsində mövqeləri güclənərdi və hətta Azərbaycan da bu faktı qəbul etməli olardı. Amma bu hələ baş verməyib və gələn il də olmayacaq.

Bu vəziyyətdə Paşinyanın niyə sevindiyi bəlli deyil. Niyə Ukraynada Rusiyanı dəstəkləmir? O, başa düşmür ki, Rusiya Ukraynada nə qədər çox məşğul olsa, Qarabağ və Ermənistan üçün bir o qədər pisdir?”

O iddia edib ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğunun uzun müddətdir mənası yoxdur, çünki Rusiyanın Cənubi Qafqazda maraqları Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazaları ilə tam təmin olunub:

“Rusiyanın Gümrü və Erebunidəki bazaları təcrid olunub, blokadaya alınıb və Ermənistanın qeyri-dost siyasi mühitindədir. O bazaların mövcudluğu artıq uzun müddətdir məntiqsizdir, Rusiyanın maraqlarını qorumur, əvəzində Paşinyanın əlində girovdurlar. Onların Ermənistan ərazisindən çıxarılması qaçılmazdır”.

Onun fikrincə, bu hadisələrdən sonra Türkiyənin nüfuzunun mümkün güclənməsi Rusiya üçün təhlükə yaratmır:

“İqtisadi baxımdan Türkiyə çoxdan Ermənistandadır, necə deyərlər, qatar artıq yola düşüb. Hərbi-siyasi təsirə gəlincə, Ermənistan artıq NATO-ya istiqamətlənmək istəyir. Beləliklə, Ermənistan NATO-da Türkiyənin müttəfiqi olacaq.

Fransanın fəaliyyətinə gəlincə, o, ancaq özünü böyük dövlət kimi qələmə verir. Bu ölkənin prezidenti hətta Parisdə belə işləri qaydaya sala bilmir. O, Cənubi Qafqazda nə edə bilər? Heç nə”.

Oxşar xəbərlər