Qırx dörd günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Tarixi zəfərdən sonrakı post-müharibə dövründə isə dünya regionda yaranan yeni tarixi mərhələyə şahidlik etdi. İşğaldan azad edilmiş vətən torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verildi. Minalarla çirklənmiş ərazilərin təmizlənməsinə, erməni vandalizminin qurbanına çevrilmiş tarixi-mədəni abidələrimizin, müqəddəs dini-inanc yerlərimizin əvvəlki görkəminə qovuşması üçün yeni layihələr hazırlandı. Böyük qayıdış konsepsiyası qəbul edilərək, bu istiqamətdə bütün zəruri sosial-infrastruktur sahələrinin yaradılmasına başlanıldı. Bu məqsədlə yeni yollar çəkilir, ağıllı kənd və şəhərlər salınır, məktəblər, xəstəxanalar tikilir, elektrik stansiyaları qurulur, kommunikasiya xətləri çəkilir. Bir sözlə, regionun tez bir zamanda dirçəlməsi və inkişafı üçün nə gərəklidirsə edilir.
Çox təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər. İmzaladıqları və təslimçilik - kapitulyasiya aktı kimi qəbul edilən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata etinasız yanaşmaqla, icrası zəruri müddəaları kobud şəkildə pozmağa davam edirlər. Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli “Laçın” dəhlizindən öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin çıxarılması tələbini icra etmədilər. Əksinə, ərazilərin minalanmasını, seperatçıların silah-sursatla təmin olunmasını həyata keçirdilər. Üstəlik, təbii sərvətlərimizin talan edilərək “Laçın” dəhlizi vasitəsilə Ermənistana daşınmasını davam etdirdilər. Lakin bu terrorçu dövlət bilməlidir ki, Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir və qalib ölkə olaraq regionda şərtləri də Azərbaycan diqtə edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir ki: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib... Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir... Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”. Buna görə də bu gün müxtəlif təxribatlarla məşğul olan qarşı tərəf anlamalıdır ki, həm Ermənistanın, həm də onu himayə edənlərin bu cür yanaşmaları bölgəmizdə yaranacaq sülhə və inkişafa xidmət etmir, əksinə, vəziyyəti daha da gərginləşdirir. Bu səbəbdən gələcəkdə yaranacaq hər hansısa mənfi hallara görə Ermənistan tərəfi məsuliyyət daşıyır. Azərbaycan tərəfi hər zaman əməkdaşlığa, o cümlədən iki dövlət arasında münasibətlərin normallaşması və inkişafına yönəlik səmərəli müzakirələrin aparılmasına açıqdır. Əgər Ermənistan həm iqtisadi, həm də siyasi cəhətdən güclənməsini və inkişaf etməsini, sivil dünyanın bir parçası olmasını istəyirsə, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından əl çəkməli, xarici siyasət kursunu düzgün planlaşdırmalı, konstruktiv danışıqlara yaşıl işıq yandırmalıdır.
Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev