Azərbaycan itirilmiş milli-mənəvi dəyərlərinə, tarixi-dini abidələrinə sahib çıxdı

Azərbaycan itirilmiş milli-mənəvi dəyərlərinə, tarixi-dini abidələrinə  sahib çıxdı Ötən 2020-ci il dünya ölkələri üçün mürəkkəb və pandemiyanın törətdiyi çətinliklərlə dolu oldu. Lakin bu il Azərbaycan tarixində silinməz izlər buraxdı. Pandemiya şəraiti ilə yanaşı həm də müharibə vəziyyəti yaşayan Azərbaycan 44 günlük Vətən müharibəsində böyük zəfərə imza atdı. Bu müharibə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, mədəni-tarixi abidələrinin dağıdılmasına, milli-mənəvi dəyərlərimizin məhvinə, zəngin təbii ehtiyatlarımızın qanunsuz talan olunmasına, azərbaycanlıların öz yurd-yuvasından didərgin düşməsinə səbəb olan Ermənistanın işğalçılıq siyasətinə ağır zərbə vurulması ilə nəticələndi. Azərbaycan itirilmiş milli-mənəvi dəyərlərinə, tarixi-dini abidələrinə bir daha sahib çıxdı. Bu parlaq qələbənin arxasında Azərbaycanın son illərdə regionda və beynəlxalq münasibətlərdə həyata keçirdiyi uğurlu xarici siyasət, ordu quruculuğu, həmrəylik və eyni zamanda Azərbaycanın regional güc mərkəzinə çevrilməsi siyasəti dururdu.

Bu münaqişənin bitməsinə 44 gün bəs etdisə, dünyanı bu münaqişədə Azərbaycanın haqlı tərəf olmasına inandırmağa 17 il vaxt lazım oldu. Azərbaycan dövləti cənab İlham Əliyev başda olmaqla bu münaqişənin diplomatik yolla həllini qarşıya məqsəd qoymuşdu. Azərbaycan dövlətinin bu münaqişənin ölkəmizin xeyrinə həlli istiqamətində tutduğu prinsipial mövqe dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən hüquqi cəhətdən dəstəklənməyə başlandı.

8 noyabr 2020-ci il Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Şuşanın işğaldan azad olunduğu elan edildi. İki gün sonra – noyabrın 10-da Ermənistan öz məğlubiyyətini qəbul etdiyi sənədə prezident Ali baş Komandan İlham Əliyevin başladığı “Dəmir Yumruq” əməliyyatı nəticəsində imza atdı. Eyni zamanda, bu 17 il ərzində həyata keçirilən uğurlu xarici siyasətin məntiqi nəticəsi idi.

Qələbənin əldə edilməsi ilə regionda və beynəlxalq müstəvidə Azərbaycanın siyasi nüfuzu artdı. Azad olunmuş torpaqlarda sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işlərinin yüksək səviyyədə icrasına başlanıldı. Füzuli rayonundan Şuşaya yeni avtomobil yolunun çəkilişinə başlanıldı. Horadizdən Ermənistan sərhədinədək dəmir yolu xəttinin çəkilişi nəzərdə tutulur. Şuşanın su və elektrik təchizatı yenidən qurulur. Suqovuşana yeni avtomobil yolunun çəkilişinə başlanılmışdır.

Yaxın müddətdə Naxçıvandan Zəngilana avtomobil yolunun inşasına başlanacaqdır. İlin sonuna kimi Füzuli Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması qərara alınmışdır. Ümumilikdə, 2021-ci ildə Qarabağda infrasturktur layihələrin icrası və yenidən qurulması üçün Azərbaycanın dövlət büdcəsindən 22 milyard manat vəsait ayrılmışdır.

Azərbaycan regionda sülhün və təhlükəsizliyin təminatçısı olmaqla, Qafqazda regional güc mərkəzinə çevrilmişdir.

Bakıxanov qəsəbəsi, 213 saylı məktəb-liseyin

tarix müəllimi Mahirə Mütəllimova

Oxşar xəbərlər