Bildiyimiz kimi, işğalçı Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin guya “blokada”ya salındığı, “humanitar böhran”a məruz qaldığı iddiası ilə BMT Təhlükəsizlik Şurasına müraciət etmişdi.
Avqustun 16-da həmin əsassız iddia BMT TŞ-nın növbədənkənar iclasında müzakirəyə çıxarıldı. Ermənistan öz əsassız və uydurma iddialarını rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı.
Beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı və obyektiv mövqeyi nəticəsində erməni hiyləsi və siyasi şousu alınmadı. Ermənistanın əsas iddialarından biri də Laçın sərhəd-buraxılış məntəqəsinin təyinatı ilə bağlı idi. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Belə ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır. Məntəqə eyni zamanda ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması kimi fəaliyyətin qarşısını almaq məqsədilə yaradılıb.
Bu məntəqədə başlayan və “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Ermənistanın məhz bu yoldan istifadə edərək Qarabağdakı erməni əhaliyə humanitar yardım çatdırmaq iddiasına gəlincə, Azərbaycan hökuməti Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir və bunu bütün beynəlxalq tribunalardan dəfələrlə ən yüksək səviyyədə dilə gətirib.
Rəsmi Bakı regiondakı yeni geosiyasi reallıqlarla bağlı dünya ölkələrində kifayət qədər dolğun və obyektiv təəssürat formalaşdıra bilib. Bu həm də ölkəmizin uğurlu diplomatik-siyasi fəaliyyətinin, hücum diplomatiyasının və bütün məsələlərdə beynəlxalq hüquqa əsaslanmasının nəticəsidir.
BMT-də aparılan müzakirələr bir daha göstərdi ki, bəzi Qərb dövlətlərinin və təşkilatlarının əsassız çağırışlarına, qərəzli bəyanatlarına baxmayaraq, dünya ictimaiyyəti rəsmi Bakının haqlı mövqedə olduğundan xəbərdardır.
Ermənistanın son təxribatlarından sonra belə Azərbaycan tərəfi bölgədə fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığını davam etdirərək erməni sakinlərin tibbi məqsədlə keçidinə, sözügedən humanitar təşkilat vasitəsilə tibbi yüklərin gətirilməsinə imkan yaradıb.
Əsassız iddialarının davamlı olaraq puça çıxması fonunda Qarabağ ermənilərinin yeganə düzgün qərarı Azərbaycan vətəndaşlığını qəbul etmək, ölkəmizin yaradacağı etibarlı təhlükəsizlik və sivil birgəyaşayış mühitindən bəhrələnərək dinc yaşamaq olardı. Əslində, BMT-nin son qərarından sonra bu prosesin sürətlənəcəyini də əminliklə söyləmək olar.
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova