Ulu öndərimiz Azərbaycan gəncinin cəmiyyətdə, Vətəndə, ölkədə öz vəzifələrini layiqincə yerini yetirməyə çalışmalı olduğunu qeyd edirdi

Ulu öndərimiz Azərbaycan gəncinin cəmiyyətdə, Vətəndə, ölkədə öz vəzifələrini layiqincə yerini yetirməyə çalışmalı olduğunu qeyd edirdi
Biz azad Azərbaycanımızın azad vətəndaşlarıyıq. Hər bir ölkənin gələcəyi onun xalqının səviyyə və dünyagörüşündən, milli kimliyindən, tarixi keçmişindən çox asılıdır.Vətənin gələcəyi onun dövlətinin, xalqının gələcəyi olan yeniyetmə, gənc nəslin fəaliyyəti ilə bağlıdır. Bu baxımdan hər bir ölkənin keçmişi onun gələcəyini birbaşa xarakterizə edir. Xələflər öz sələflərinin davamçısıdır.. Çünki müasirlik keçmiş üzərində bərqərar olur. Yəni gənclik böyük, tükənməz bir qüvvədir. Gənclər vətənin işıqlı sabahı, nurlu gələcəyidir.
Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli – mənəvi dəyərlərə malik gənclər vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir.
Şükürlər olsun ki, bizim azad, müstəqil, suveren Azərbaycanımız var. Bu azadlığı biz canımız, qanımız bahasına min bir əzabla qazanmışıq. Bu gün onun firavan inkişaf etməsi, öndə gedən dövlətlər sırasında addımlaması üçün prezidentimiz başda olmaqla xalqımız hər cür vasitələrdən istifadə edir. Vətənimizin çiçəklənməsi, fəxri yerlərdən birini tutması üçün dövlət başçımız fərman və qərarlar verir. Prezidentimizin “Gənclər siyasəti haqqında” imzaladığı qanunda Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati – hüquqi əsaslarını müəyyən edir.
Gənclər siyasəti – gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai – siyasi, sosial – iqtisadi, təşkilati – hüquqi şəraitin və təminatların yaradılmasına yönəldilmişdir. Buna görə də ölkəmizdə böyüməkdə olan nəsil hər cür qayğı ilə əhatə olunub. Dövlət tərəfindən gənclərin asudə vaxtlarının təşkilinə, fiziki və peşə hazırlıqlarına, mənəvi səviyyələrinin yüksəldilməsinə hərtərəfli qayğı göstərilir.
Ulu öndərimiz Azərbaycan gəncinə yüksək qiymət verərək deyirdi: “Hər bir Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır”. Heydər Əliyev gənclərin qarşısında böyük vəzifələr durduğunu vurğulayaraq qeyd edirdi ki, qarşımızda çox böyük yol var. Yol hamar deyil. Yol uzun yoldur. O yolu hər biriniz keçməlisiniz. Bu yol müstəqil Azərbaycanın gələcəyi yoludur. Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Ulu öndərimiz Azərbaycan gəncinin cəmiyyətdə, Vətəndə, ölkədə öz vəzifələrini layiqincə yerini yetirməyə çalışmalı olduğunu qeyd edirdi.
Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik.
Ulu öndərimiz Heydər Əliyev deyirdi: “ Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün vətəni, ölkəni, torpağı, millətini, xalqını, dilimizi, dinimizi, milli adət - ənənələrimizi sevməlidir”.
Aqil insanlar təhsilsiz cəmiyyəti qaranlıq bir tunelə bənzətmişlər. Bu cəhətdən dövlətimizin təhsil sisteminin yenilənməsinə göstərdiyi qayğı – məktəb tikintisinin vüsət alması, məktəblərin maddi – texniki bazasının möhkəmləndirilməsi, dərsliklərin pulsuz paylanması və s. gənc nəslə olan qayğı və məhəbbətin nümunəsidir.
Bu gün Azərbaycanımız vüsətlə inkişaf edib çiçəklənir. Gənclərimiz cəmiyyətdə öz yerlərini tutub və müstəqil Azərbaycanın inkişaf etməsi üçün lazımi işlər görürlər. Azərbaycan gəncləri müxtəlif dövlət orqanlarında, icra strukturlarında geniş təmsil olunurlar. Özəl bölmələrdə uğurlar qazanır, mükəmməl təhsil almağa böyük maraq göstərirlər. Ordu quruculuğunda gənclərin rolu əvəzsizdir. Onlar vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirmək üçün həvəslə orduya xidmət edirlər. Hərbi texnikanın sirlərinə mükəmməl yiyələnirlər. Bütün bunlar müstəqil Azərbaycanın sabahına nikbin baxmağa əsas verir.

Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Həlimə Süleymanova

Oxşar xəbərlər