Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən ümummilli lider Heydər Əliyev həm ziyalıları müdafiə edir, həm də onların dəstəyinə arxalanırdı. Bunu ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra 1993-cü il sentyabrın 21-də AMEA-da ziyalılarla görüş keçirməsi də təsdiq edir. Bütün hakimiyyəti boyu ziyalıların himayədarı olan dahi rəhbər Heydər Əliyev ədəbiyyat insanlarını da həmişə diqqətində saxlayırdı. İstər yazarların, istərsə də ədəbiyyatşünasların əsas dayağı olan Ulu Öndər həm ədəbiyyata bələd olub, həm də ona bu bələdçilikdən irəli gələn sevgi ilə yanaşıb.
Ulu öndər Heydər Əliyev hər bir ədəbiyyat insanına xüsusi qayğı göstərmiş, yeri gəldikcə onların layiqli dəyərlərini almaqlarına birbaşa vəsilə olmuşdur. Bunlarla yanaşı, onun özəl olaraq sevdiyi sənətkarların və əsərlərin də olduğu heç kəsə sirr deyil. Həmin sıraya Cəlil Məmmədquluzadənin “Ölülər”, S.Vurğunun “Azərbaycan”, M.Şəhriyarın “Heydərbabaya salam”, Ü.Hacıbəylinin “Koroğlu”, H.Cavidin “İblis” əsərləri və “Molla Nəsrəddin” jurnalı daxildir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri də misilsizdir. Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş Ulu Öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir.
Azərbaycan elmi XX əsrdə çox sürətlə inkişaf etmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər isə bu cəhətdən xüsusilə seçilir. Azərbaycan elminin, ziyalılarımızın ən çox inkişaf etdiyi dövr bu dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Elmin, elm ocağının yeni yüksəlişi məhz Ulu Öndərin adı ilə bağlı idi. 70-ci illərdə Azərbaycan Elmlər Akademiyası onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı, özünün kadr potensialını yaratdı, maddi-texniki bazasını möhkəmləndirdi. Ulu öndər Heydər Əliyevin özünün qeyd etdiyi kimi, akademiyanın əlli ilinin yarısından çoxu onun həyatı, rəhbərliyi ilə bağlı idi.
O, cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görürdü. Onun tapşırıqlarına uyğun olaraq görkəmli Azərbaycan alimləri, şair və yazıçıları, ziyalılarının yubileyləri təşkil edilib, abidələri ucaldılıb və digər işlər görülüb. 1996-cı il sentyabrın 10-da Azərbaycan elminin görkəmli şəxsiyyətlərindən olan günyaşöhrətli kimyaçı alim Akademik Yusif Məmmədəliyevin 90 illik yubileyinə həsr edilmiş gecədə çıxış edən Ulu Öndər Heydər Əliyev ziyalı-alim barədə demişdir: “Yusif Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim kimi daxil olubdur. O, öz elmi fəaliyyəti, elmi əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına böyük təkan verib və dünya elminə, xüsusən dünya neft kimyası elminə görkəmli töhfələr veribdir”. Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğur və müvəffəqiyyətlə davam etdirilir. Ölkədə elm, təhsil, mədəniyyətin inkişafına, həmçinin Azərbaycan ziyalısına göstərilən yüksək diqqət və qayğı eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
Fiziki tərbiyə müəllimi Rüstəm Cabarov