Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır

Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır
Azərbaycanın beynəlxalq siyasi və iqtisadi əlaqələri gün-gündən inkişaf etməkdə və genişlənməkdədir. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmiz dünyanın müxtəlif dövlətləri ilə faydalı qarşılıqlı əlaqələr qurub və qurmaqda davam edir.
Dekabrın 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin ölkəmizə səfəri və keçirilən görüşlərdə əldə olunan razılaşmalar da bu qəbildəndir.
Serbiya Prezidenti ilə təkbətək görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda hər iki ölkəni “öz resurslarına arxalanan, müstəqil siyasət aparan və bir-biri ilə sıx əlaqədə olan ölkələr” adlandırıb.
Prezident bildirib ki, ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini üçün hökumət üzvlərinə müvafiq göstərişlər verilbi. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaq.
Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Azərbaycan dövlət başçısının dediyi kimi, ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq.
Son vaxtlar energetika sektoru daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır.
Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək.
Ölkə prezidenti müdafiə sənayesi sahəsinin də perspektiv əməkdaşlıq istiqamətlərindən biri olduğunu bildirib. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir.
Avropanın böyük potensiallı ölkələrindən olan Serbiya ilə əlaqələrin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. Dövlət başçısı deyib ki, ikitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur.
Azərbaycana qarşı ikili standartlarla davranan ölkələr də var. Ölkə başçısı çıxışında bu məqama da toxunub və bildirib ki, bütün bunlara baxmayaraq, biz öz haqq işimizi davam etdirəcəyik.
Azərbaycanın hazırkı çətin və mürəkkəb beynəlxalq, regional şəraitdə, xüsusilə Avropa kimi mühüm siyasi-iqtisadi müstəvidə özünə ciddi müttəfiqlər qazanması dövlətimizin həm cari, həm də perspektiv maraqlarına ciddi töhfədir.
Siyasi əlaqələr qədər mühüm olan iqtisadi münasibətlər sistemində Azərbaycan Respublikasının önəmli oyunçuya çevrilməsi göz qabağındadır. Şərq-Qərb enerji dəhlizinin mühüm parçasına çevrilməklə, Azərbaycan qarşıdakı illərdə regionun, hətta dünyanın xəritəsində xüsusi rol oynamaq imkanı qazanır.

Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta
məktəbin direktoru Gültəkin Rüstəmova


Oxşar xəbərlər