Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır
Azərbaycan və Litva arasındakı münasibətlər keçmiş Sovet İttifaqının tərkibində olarkən başlamış, lakin ötən əsrin sonlarında müstəqillik qazandıqdan sonra əlaqələrimiz yeni məna və məzmun kəsb etməyə, müstəqil dövlətlərimiz arasında ikitərəfli münasibətlər inkişaf etməyə başladı. Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ilin noyabr ayının 27-də qurulub. 2007-ci ilin 3 aprel tarixində Litvanın Azərbaycanda, 6 sentyabr 2007-ci ildə isə Azərbaycanın Litvada səfirliyi açılıb. Ötən illər ərzində tərəflər arasında sıx diplomatik münasibətlər qurulub, hökümətlərarası komissiyalar çərçivəsində qarşılıqlı iqtisadi əlaqələrə təkan verən layihələrin həyata keçirilməsi üçün addımlar atılıb.
2007-ci il sentyabr ayının 13-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Litvaya rəsmi səfər etmişdir. Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilmiş, danışıqlar aparılmış, rəsmi sənədlərin imzalanma mərasimi olmuşdur. Bu səfər Azərbaycan-Litva münasibətlərinin yüksələn xətlə inkişafına geniş perspektivlər açdı. Litva Avropa İttifaqının və NATO-nun tamhüquqlu üzvüdür. Bu baxımdan Azərbaycan Litva ilə əməkdaşlığı, bu sahədə onun təcrübəsini əhəmiyyətli hesab edir.
Bildiyimiz kimi mayın 21-22 də Azərbaycan Prezidenti İlham Əliyev Litvaya rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan və Litva arasında müxtəlif sahələri əhatə edən vacib sənədlər imzalanıb. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” kimi imzalanan sənədlər ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrini bir daha təsdiqlədi.

Pirşağı qəsəbəsi, 112 saylı tam orta məktəbin
Tarix müəllimi Şahnaz Quliyeva


Oxşar xəbərlər