Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkəmiz təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilir. Azərbaycanın transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı, regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, bu beynəlxalq təşkilatın üzvü olan ölkələrlə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi göz qabağındadır. Enerji təhlükəsizliyi məsələsi daim aktual mövzu olub və bu gün bu məsələnin prioritetliyi özünü daha aydın şəkildə büruzə verir. Əsas diqqət çəkən məqam tarixən neft ölkəsi olan Azərbaycanın bu gün qaz, həmçinin elektrik enerjisi ixracatçısı kimi beynəlxalq aləmdə rolunu artırmasıdır. Bu gün dünyanın aparıcı dövlətləri və nüfuzlu təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Həmin geosiyasi subyektlər Azərbaycanla əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər.
Təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyildir. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşdır. Neft-kimya məhsulları və elektrik enerjisi ixracımızın bir hissəsidir. Demək olar ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bir sözlə, bu gün respublikada XXI əsrin layihəsi həyata keçirilir və onun miqyası genişlənir. Enerji sahəsində etibarlı tərəfdaş kimi ölkəmiz bütün hədəflərə nail olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə hazırdır. Eyni zamanda, üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi planlaşdırılır. Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bu həcmə Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat da aiddir. Əlbəttə ki, yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır.
Bağlanan sazişlər Avropa ölkələri ilə əməkdaşlığın gücləndirilməsində atılan növbəti addım olacaq. Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası tərəfindən “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Onun əsasında, 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmaq planlaşdırılıb. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz çatdırıldı, bu il isə 12 milyard kubmetr hədəflənir. Bu, qaz hasilatı və ixracın artacağını göstərir. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən Macarıstana və Slovakiyaya qaz təchizatına başlamaq planlaşdırılır.
Bu gün Azərbaycanda fəal enerji diplomatiyası davam etdirilir. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bir sözlə, ölkəmiz Avrasiyanın enerji xəritəsini yenidən qurur. Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər görülmüşdür. Dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə kimi tanınır. Ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
İlkin Bəşirov,
Salyan rayon Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndə,
YAP fəalı