Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyindəki rolu

Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyindəki rolu Bu gün Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Xüsusilə son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini yeni enerji mənbələrini təmin etməyə sövq etdi. Bu baxımdan regionun əsas neft ölkələrindən biri kimi Azərbaycana diqqətin artması təbiidir. Avropa gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini qiymətləndirməyə bilməzdi. Məhz Avropa dövlətlərinin alternativ enerji təminatçısı kimi üzünü ölkəmizə çevirməsi anlaşılandır. Çünki Azərbaycan həm də sabit və etibarlı imici ilə diqqət çəkir. Buna görə də ekspertlərin “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır” qənaəti hər kəs tərəfindən şəksiz qəbul edilir və Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir. Bir sözlə, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Beləliklə, 28 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən iri şirkətlərin nümayəndələri Bakıda bir araya gələndə çox az adam düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək.
Sürətlə qloballaşan dünyada ikinci bir mühüm proses elə eyni sürətlə davam edən qütbləşmədir. Tərəfdar ölkələrin sayını artırmaqla öz mövqelərini qorumağa çalışan böyük mərkəzlər yeni formalaşan münasibətlər sferasında kənarda qalmaq istəmirlər. Düzgün siyasət, iqtisadiyyatın şaxələnməsi, hərbi qüdrət kimi amillər isə bütün bu prosesdə həlledici imkanlara sahibdir. Hazırda bütün dünya dövlətləri mövcud böhranlardan çıxış yolları axtarır. Böhranlar isə zəncirvari qaydada artmaqla bir-birini dərinləşdirir. Enerji, qida və xammal çatışmazlığı kimi məsələlər qeyd etdiyim böhranlar silsiləsində öndə dayanır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən neft strategiyası Avropanın enerji təchizatında hərəkət istiqamətini kökündən dəyişib. Bakı-Tbilisi-Ceyhan və TANAP xətlərinin istifadəyə verilməsi ilə Avropaya xam neft və mavi qaz ixracatı yaşıl qitənin cənub səmtindən daxil olmağa başlayıb. Adı çəkilən hər iki xəttin ötürücülük gücü Avropanın tələbatını tam ödəməsə də, Avrasiyadakı mövcud vəziyyət bu istiqamətin alternativsizliyini ortaya qoyub ki, mövzumuzun bəhsi məhz bu barədədir.
Bütövlükdə, son illərdə respublikamızda elektrik enerjisi infrastrukturuna böyük həcmdə sərmayələr yatırılmaqdadır. Bu isə, Azərbaycanda enerji təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını, ölkəmizin həm bölgədə, həm də qitədə çox etibarlı enerji təchizatçısına çevrildiyini isğat edir. Bir sözlə bütün bunlar onu göstərir ki, Azərbaycan həm də enerji keçidi ilə bağlı qlobal çağırışların uğurla reallaşdığı ölkələrdəndir və bundan sonra da uğurları daha çox olacaq.
Tamara Süleymanova-192 saylı uşaq bağçasının müdiri


Oxşar xəbərlər