Heç kəsə sirr deyildir ki, Azərbaycan tarixinin müasir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə sıx surətdə bağlıdır və bunu birmənalı olaraq hamı sırf reallıq kimi qəbul edir. İstər Sovet dönəminin 1967-1982-ci illər Azərbaycanı, istərsə də 1993-2003-cü illər Müstəqillik dövrünün inkşafı məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyətli fəaliyyəti ilə bağlıdır. Məhz onun çevik siyasəti nəticəsində Azərbaycan iki dəfə ağır siyasi-iqtisadi böhrandan çıxaraq inkşaf etmiş dövlətə çevrilmiş, dünyada özünə layiq olan yeri tuta bilmişdir. Azərbaycan xalqı bunu çox gözəl dərk edir, Ulu öndərin fəaliyyətini layiqincə qiymətləndirməyə çalışır. Ulu Öndər Heydər Əliyevin görkəmli işlərini nəzərə alaraq Azərbaycan hökuməti 2023-cü ili Ulu Öndər Əliyev ili elan etmiş, dahi şəxsiyyətin anadan olmasının 100 illik yubileyini layiqincə qeyd etməyə başlamışdır. Bu məqsədlə artıq bir neçə aydır ki, Azərbaycan və dost ölkələrdə bu münasibətlə müxtəlif tədbirlər həyata keçirilir. Blə tədbirlərdən biri də 2023-cü ilin mayın 3-də Şuşa şəhərində keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edərək açılışda böyük nitq söyləyib. Bu il Ulu Öndərimizin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində biz müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil edirik. Biz Heydər Əliyevin 100 illik yubileyini, sadəcə, rəsmi xarakter daşıyan tədbirlərin keçirilməsi ilə qeyd etmək istəmirik. Biz bunu xüsusi diqqət tələb edən real məsələlərin müzakirəsi ilə qeyd etmək istəyirik, çünki regiondakı geosiyasət dəyişib və konfransın mövzusu da bu məsələni əhatə edir. Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində onun tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir. Beləliklə, əlbəttə ki, onun xatirəsinə həsr olunmuş tədbirlər il ərzində davam edəcək. Biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq.
Cənab prezident İlham Əliyev bu çıxışında bir sıra mühüm məsələlərə toxunaraq dünyanın diqqətini cəlb edən açıqlamalar etmişdir. Bu məsələlərdən regionda baş verən hadisələr, Ermənistanın sərsəm bəyantları, kommunikasiyaların açılması, böyük sülh sazişi, neft və qaz istehsalı və Avropaya ixracı, beynəlxalq aləmlə münasibətlər və s. göstərmək olar.
Avrasiyanın üzləşdiyi risk və təhdidlər, yeni çağırışlarla bağlı beyin mərkəzlərinin iştirakı ilə ölkəmizdə müzakirələrin aparılması artıq ənənə halı alıb. Budəfəki konfransın Şuşada keçirilməsi isə erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli idi. Bu konfrans, eyni zamanda, postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanları ilə bağlı müzakirələrin aparılması, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli platforma olaraq qiymətləndirilə bilər.
Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
tarix müəllimi Asif Hüseynov