2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan edilib. Azərbaycan dövlətçiliyinin müdafiəsində, güclü iqtisadiyyat və ordu quruculuğu işində Ulu Öndərin gördüyü nəhəng işlər bu gün də ölkəmizin dünyadakı nüfuzunu, əhəmiyyətli yerini müəyyən etməkdə əsas meyarlardır.
Müstəqil Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə Ulu Öndər Heydər Əliyev işğal olunmuş torpaqların azad etməyin, ölkəmizin müdafiə qüdrətinin artırılmasının yolunun məhz ordu quruculuğundan keçdiyini bildirirdi.
Təsadüfi deyil ki, düz 29 il əvvəl 1994-cü il aprelin 9-10-da Bərdə rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə o, müstəqilliyi və milli azadlığı qorumağın başlıca vəzifə olduğunu bəyan etmişdi:
Ümummilli lider güclü ordu qurmaq üçün hərbçi, zabit peşəsinə dəyər verilməsini, bu peşəni uca tutmağın zəruriliyini deyirdi.
Həzi Aslanov adına Bakı ümumqoşun komandirləri məktəbində 9 may 1994-cü ildə keçirilən təntənəli mitinqdə o, bu barədə belə deyirdi: “Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir”.
Ulu Öndər hər zaman deyirdi ki, ordu bizə hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək üçün yox, öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək üçün lazımdır. “Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq... Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən, güclənən milli ordumuz olmalıdır. Bu, bizim müqəddəs vəzifəmizdir, hər bir kəsin şərəfli vəzifəsidir” .
2020-ci ildə Vətən müharibəsində qazanılmış Zəfərə inandığını o, hələ 25 il əvvəldən böyük uzaqgörənliklə söyləmişdi. Silahlı Qüvvələrinin yaranmasının 5-ci ildönümü münasibətilə keçirilən təntənəli yığıncaqda H.Əliyev demişdi: “Mən əminəm ki, bizim ordumuz bu gün Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı bir qəsdə layiqli cavab verməyə hazırdır”.
Ümummilli lider hər zaman hərbi xidməti şərəf məsələsi sayırdı. Deyirdi ki, orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.
Ümummilli liderin 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinə təbrikində yer alan bu fikirlər isə illər sonra özünü tam mənasında doğrultdu: “Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir”.
O gün gəldi. Qarabağ düşmən tapdağından azad edildi. İndi Azərbaycan ordusu öz layiq olduğu zirvədə qərar tutmuş, Qafqazın ən güclü, ən hazırlıqlı və qüdrətini sübut etmiş ordusudur.
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta
məktəbin direktoru Gültəkin Rüstəmova