Qarabağın dilbər guşələrindən olan Füzuli rayonu strateji baxımdan olduqca əhəmiyyətli mövqeyə malikdir

Qarabağın dilbər guşələrindən olan Füzuli rayonu strateji baxımdan olduqca əhəmiyyətli mövqeyə malikdir

Qarabağın dilbər guşələrindən olan Füzuli rayonu strateji baxımdan olduqca əhəmiyyətli mövqeyə malikdir. Belə ki, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə qonşuluqda yerləşən bu bölgə həm də Araz çayı boyunca İranla həmsərhəd olması baxımından geopolitik missiya daşıyır.
27 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi başlandı. Döyüşlər başlanandan 17 oktyabradək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olundu. Füzuli şəhərinin azad olunması xəbərini Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində çatdırmışdır. Prezident müraciətində həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun Qoçəhmədli, Cuvarlı, Musabəyli, Çimən, İşıqlı və digər kəndlərinin də azad edildiyini elan etdi.
Füzulinin azad olunması hərb tariximizə qızıl hərflarlə yazılmışdır. Bu əməliyyat yüksək peşəkarlıqla hazırlanmış və həyata keçirilmiş,düşmənə sarsıdıcı zərbə vurulmuşdur. Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı - qaçmaq. Bu, belə də oldu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir.
Bu əməliyyat nəticəsində Cəbrayıl və Xocavəndin bir sıra yaşayış məntəqələri və yüksəklikləri də azad edilmişdir.
Füzuli rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Şəhərin azad olunmasından ötən 5 ildə bu regionda geniş quruculuq-bərpa işləri aparılmış,tam fərqli mənzərə hasil olmuşdur.Təkcə onu qeyd etmək yerinə düşər ki,azad edərkən bayraq sancmağa salamat bina tapmadığımız şəhəri bu gün Qarabağın hava qapısı adlandırırq. Komfort xidmətlə təmin olunmuş Füzuli hava limanı bu gün hər cür hava reyslərini qəbul etmək iqtidarındadır.Bundan başqa Füzuli yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi tikilib. Həmçinin Özbəkistan tərəfindən inşa edilən tam orta məktəb binasının, Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Yaradıcılıq İnkişaf Mərkəzinin, Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi yaşayış məhəlləsinin və s. obyektlərin tikintisi sürətlə davam edir. Bütövlükdə tikiləcək evlərə 21593, o cümlədən Füzuli şəhərinə 8009 nəfər əhalinin köçürülməsi planlaşdırılır.
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov

Oxşar xəbərlər