28 noyabr 2022-ci il tarixdə ARB televiziyasının “Günə doğru” verilişində və “Azadlıq” radiosunun Youtube kanalında Daşkəsən rayonunun Daşkəsən qəsəbəsi ilə bağlı qərəzli və əsassız formada birgə hazırlayaraq yayımlanmış video-süjetlərə münasibət olaraq bildiririk ki, ötən dövrlərdə Daşkəsən qəsəbəsində xeyli abadlıq, quruculuq, təmir-bərpa işləri aparılmış, sakinlərin problemlərinin həlli istiqamətində davamlı tədbirlər görülmüşdür.
Belə ki, Daşkəsən qəsəbə tam orta məktəbinin binası yenidən tikilmiş, Daşkəsən qəsəbə ümumi orta məktəbinin modul tipli təzə binası quraşdırılaraq istifadəyə verilmiş, qəsəbənin uşaq bağçası əsaslı təmir edilmiş, əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı tamamilə yenidən qurulmuş, Daşkəsən qəsəbəsinə yeni təbii qaz xətti çəkilərək qazlaşdırılmış, həmçinin qəsəbəyə gələn avtomobil yolunun bir hissəsi asfaltlanmış və bu işlərin qalan hissəsi tezliklə davam etdiriləcəkdir. Habelə qəsəbənin su ilə bağlı problemini həll etmək məqsədilə plastik borularla əlavə yeni su xətti də çəkilmişdir.
O cümlədən qəsəbə sakinlərinin məşğulluğunun təmin edilməsi daim diqqətdə saxlanılır. Belə ki, sakinlərin əksəriyyəti “AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsində və “Daşkəsən Dəmir Filiz” MMC-də və digər sahələrdə işlə təmin edilmiş və özünüməşğulluq proqramlarına cəlb olunmuşlar.
Daşkəsən qəsəbəsində mövcud olan yaşayış binaları uzun müddət istismar olunduğundan atmosfer təsirləri nəticəsində 3 ədəd ikimərtəbəli birgirişli binanın bərpa-gücləndirilməsinə və əsaslı təmir olunmasına ehtiyac yaranmışdır. Bununla bağlı da Daşkəsən Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birgə əraziyə vizual baxış keçirərək müvafiq akt tərtib etmiş və aidiyyəti üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət olunmuşdur.
15 sentyabr 2022-ci il tarixdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Daşkəsən qəsəbə inzibati ərazi vahidliyinin Quşçu qəsəbəsində yerləşən S.İsgəndərov adına tam orta məktəbin yeni inşa edilmiş modul tipli binası istifadəyə verilmişdir. Bundan sonra həmin məktəbin keçmiş binası təmir edilərək Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə verilmişdir.
Çəkiliş zamanı Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasının ünvanı səhv salınmış, nümayəndəliyin köhnə binasının qarşısından çəkiliş apararaq Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Xudayar Ələkbərovun işdə olmaması ilə bağlı əsassız informasiya ictimailəşdirilmişdir.
Bir daha da bildiririk ki, sözügedən video-süjetlər qeyri-peşəkar jurnalistikaya bariz nümunə kimi birtərəfli olmaqla tamamilə əsassız və qərəzlidir, heç bir həqiqəti əks etdirmir.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini