
Məlumdur ki, 8 avqust tarixli Vaşinqton Zirvə görüşündə Azərbaycan və Ermənistan liderləri ABŞ lideri Donald Trampın iştirakı ilə Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı razılığa gəliblər. Dəhlizin Ermənistan tərəfinə düşən 42 kilometrlik hissəsi ABŞ-nin nəzarətində olacaq.
Bu yaxınlarda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Zəngəzur dəhlizindən danışıb. “Biz açıq şəkildə deyirik ki, Azərbaycanla dəmir yolu və digər əlaqələrin bərpası Ermənistan üçün prioritetdir. Çünki bu, ölkəmizi regional iqtisadiyyatın əsas benefisiarlarından birinə çevirir. Ekspertlər bildirirlər ki, dəmir yolunun tikintisi azı iki il çəkə bilər. Amma bu müddətdə biz Azərbaycan ərazisindən istifadə edərək yükləri göndərmək və qəbul etmək imkanına malik ola bilərik”, - o deyib.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Modern.az-a bildirib ki, burada bir neçə məsələyə diqqət yetirmək lazımdır: “Dəmir yolu köhnə marşrutla gedəcəksə, ora qısa zamanda bərpa oluna bilər. Çünki bu zaman süni qurğular təftiş olunmalıdır. Süni qurğuların əksəriyyəti də sağlamdır. Bəzi xırda əlavələr və yaxud kosmetik təmirlə bunu etmək olar. Bir yol döşəyənin dəmir yolu üzrə günlük gücü 600-1000 metrə qədərdir. Təxminən 6 ay ərzində o yolun "rels-şpal" qəfəsini bərpa etmək olar. Əgər yeni marşrut üzrə daha da şimala doğru dəmir yolu xəttini çəkmək niyyətləri varsa, bəli, bu hissə dağlıq ərazidir. Orada süni qurğuların, tunel estekadaların sayı da çox olacaq. Ona görə müddət bir az arta bilər".
Qeyd edək ki, ötən həftə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasında iştirak edib. Görüş zamanı Zəngəzur dəhlizinin gələcək perspektivləri və Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi məsələləri müzakirə edilib. Həmçinin ölkəmizlə Aİ arasında hava, dəniz və avtomobil nəqliyyatı sahələrində əməkdaşlıq, eləcə də nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində mövcud imkanlar və yeni təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Əslində bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır. Ona görə də, İlham Əliyevin təbirincə desək, Ermənistan bunu istəsə də, istəməsə də Zəngəzur dəhlizi icra olunacaq, tikilib başa çatacaq.
İqtisadçı Eldəniz Əmirov “Yeni Müsavat”a şərhində bildirdi ki, relyef dam düzənlik olmasa da, prosesə tam başlandıqdan sonra 42 kilometrlik məsafənin texniki olaraq 1 ay yarıma tamamlanması mümkündür. Onun sözlərinə görə, bu tip hallarda müddətin uzadılması ilə bağlı fikirlərin səslənməsinin bir neçə səbəbi olur: “Ararat Mirzoyanın açıqlamasını müəyyən dərəcədə anlamaq olar. Dəhlizin salınması ilə bağlı Azərbaycan şirkətlərinin deyil, ABŞ şirkətinin iştirakı, Ermənistanın mövcudluğu, maliyyə təminatının forması və s. kimi açıq qalan suallar var. Düşünürəm ki, zaman planlamasının 25-30 faiz artırılmasının səbəbi bu sualların sığortalanması məqsədilə əlaqədardır. O ki qaldı bu müddət ərzində Ermənistanın Azərbaycana məxsus nəqliyyat-kommunikasiya dəhlizlərindən, ümumiyyətlə, Azərbaycan ərazisindən istifadəsinə, bu təşəbbüs Ermənistanın hazırkı vəziyyəti ilə birbaşa bağlıdır. Azərbaycanın kommunikasiya şəbəkələri kifayət qədərdir, logistik dəhlizlər Azərbaycandan keçir. Bütün qonşularla infrastruktur yüksək səviyyədə təmin olunub. Belə olan halda Zəngəzur dəhlizi üzərində dəmir yolunun istifadəyə verilməsindən öncə Ermənistan tərəfi Azərbaycan vasitəsilə İranla, ələlxüsus Rusiya ilə, eləcə də Gürcüstanla, Xəzərin şərq sahili ilə ticari münasibətləri həyata keçirmək istəyir”.
Qeyd edək ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bəyan edib ki, ikitərəfli münasibətlər normallaşarsa və ölkələr arasında sərhədlər açılarsa, İrəvan Türkiyədən sərmayə qoyulmasına qarşı deyil. Papoyan iqtisadi əməkdaşlıq olmadan qonşular arasında davamlı sülhün mümkün olmadığını bildirib. “Əgər biz həqiqətən regionda sabit sülh istəyiriksə, bu, maliyyə və iqtisadi investisiyalarla dəstəklənməlidir”, - nazir qeyd edib.
O, həmçinin vurğulayıb ki, iqtisadi əlaqələr olmadan sülh yalnız müvəqqəti möhlətdir və sərhədlər açılandan sonra Ermənistan xaricdən, o cümlədən Türkiyədən investisiyaları qəbul edə bilər. Erməni sahibkarlar da öz növbəsində qonşu ölkələrə sərmayə yatıra biləcəklər. Papoyan Ermənistanın Sünik bölgəsindən keçən “Tramp marşrutu”nun Türkiyə fondları tərəfindən maliyyələşdiriləcəyi ilə bağlı şayiələri təkzib edərək, layihənin sırf ABŞ ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini vurğulayıb.