Azərbaycan həm Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun möhkəmlənməsində öz rolunu oynadı, həm də bu qurum daxilində öz nüfuzunu möhkəmlətdi

Azərbaycan həm  Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun möhkəmlənməsində öz rolunu oynadı, həm də bu qurum daxilində  öz nüfuzunu möhkəmlətdi Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxışı bir neçə aspektdən əhəmiyyətlidir.
Birincisi, bu təsisat haqqında geniş ictimai rəydə hərtərəfli bilgilər formalaşır. Belə ki, 1961-ci ildə Belqradda yaradılan Qoşulmama Hərəkatı beynəlxalq münasibətlər sisteminin önəmli təsisatıdır; BMT Baş Assambleyasından sonra ikinci ən böyük qurumdur; müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirir.
Ərazi bütövlüyünə qəsd, işğala məruz qalmaq faktları Azərbaycanın bir dövlət kimi bu qurumla əməkdaşlığını hər zaman aktual edib və ölkəmizin Qoşulmama Hərəkatına qatılması sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək məqsədi daşıyıb.
Qoşulmama Hərəkatının tribunası Azərbaycana hər zaman imkan verib ki, Ermənistanın təcavüzkar siyasətini buradan ifşa etsin, həqiqətləri dünya ictimaiyyətinə çatdırsın. Bundan başqa, işğaldan əziyyət çəkən dövlət kimi verdiyi mesajlar, səsləndirdiyi faktlar bəşəriyyətin dinc yanaşı yaşaması üçün sübhdən başqa alternativin olmadığı gerçəkliyi üzərinə aydın işıq salıb.
Hərəkat zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulmasını qətiyyən qəbul etmir, bunu yolverilməz sayır, bu cəhətdən Azərbaycanın da maraqlarının müdafiəçisi kimi çıxış edir və ölkəmizlə bu istiqamətdə səylərini hər zaman birləşdirir.
Prezident İlham Əliyevin çıxışının ikinci vacib cəhəti Azərbaycana beynəlxalq səviyyədə göstərilən etimadın ictimai rəyə təqdim edilməsidir. Odur ki, Azərbaycan dünyada sülhə və təhlükəsizliyə layiqli töhfə verir; quruma sədrliyin öhdəsindən uğurla gəlir və fəaliyyətinin səmərəli nəticələri var.
Azərbaycan həm Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun möhkəmlənməsində öz rolunu oynadı, həm də bu qurum daxilində öz nüfuzunu möhkəmlətdi. Bu nüfuzun sayəsində Vətən müharibəsinə beynəlxalq dəstək ortaya qoyuldu. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana verdiyi dəstək əhəmiyyətli hadisə idi. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul olunmasına imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqlik nümayiş etdirdilər.

Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova

Oxşar xəbərlər