Qoşulmama Hərəkatının artan beynəlxalq nüfuzu BMT-nin islahatına aparı

Qoşulmama Hərəkatının artan beynəlxalq nüfuzu BMT-nin islahatına aparı Müasir dövrün aktual məsələlərindən biri Dünyanın bütün problemlərinin həllini koordinasiya edə biləcək beynəlxalq sistemin və uyğun təşkilati strukturun qurulmasıdır. 2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri kimi İlham Əliyev özünün çıxışında bu məsələnin nə qədər vacib olduğunu ifadə etmişdir. Azərbaycan Respublikasının Prezidenti BMT-nin zamanın çağırışlarına cavab verə bilmədiyini, preventiv tədbirlər sisteminin olmadığını, mövcud mexanizmlərin isə beynəlxalq hüquqa və ədalətə deyil, ikili standartlara əsaslı bir qism dövlətlərin və qrupların əlində olmasına diqqət çəkmişdir. 30 ildən artıq bir müddətdə insanlığın bütün tarixi boyu gördüyü beynəlxalq cinayətlərə məruz qalan Azərbaycan Respublikası özünün suveren hüquqlarını reallaşdırarkən ciddi siyasi və hüquqi problemlərlə üz-üzə qalmışdır. Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı törədilən və beynəlxalq hüquqla təsbit edilən təcavüz, soyqırım, müharibə cinayətlərinə görə mühakimə, məcburiyyət tədbirləri ya olmamış, ya da zəruri səviyyədə olmamışdır.

BMT Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qarantörü kimi çıxış etməli olan Təhlükəsizlik Şurasındakı “daimi üzvlük” institutu üzv dövlətlərin siyasi manipulyasiya vasitəsinə çevrilib. Bu da beynəlxalq münasibətlərdə universal beynəlxalq hüququn və ədalətin deyil, ikili standartların təşviqinə səbəb olub. Nəticədə yeni-yeni münaqişələr, hakimiyyət böhranları, ikili standartları təşviq edən ölkələrin özünü də təhdid edən miqrasiya, sosial məşğulluq zamanın ən ciddi insan təhlükəsizliyi probleminə çevrilmişdir. Nə qədər çox arzu edilsə də BMT-nin müasir sistemi beynəlxalq sülh və ədalət prinsiplərini təmin edə bilməməkdədir. Beynəlxalq sülhün və təhlükəsizliyin bütün dövlətlərin formal deyil, faktiki suveren bərabərliyi prinsipinə əsaslı yeni universal təşkilati strukturuna zərurət yaranıb. Bunun bir yolu da hazırda Azərbaycan Respublikasının sədrlik etdiyi, müşahidəçi dövlətləri də nəzərə alsaq Dünyanın 140-a yaxın dövlətinin maraq və istəklərini koordinasiya edən Qoşulmama Hərəkatını beynəlxalq sülhün və təhlükəsizliyin qarantörü kimi tanımaq ola bilər. Əlbəttə bunun üçün mövcud beynəlxalq hüquqa, xüsusən də BMT Nizamnaməsinə dəyişiklik edilməlidir. Ya da Qoşulmama Hərəkatı çərçivəsində həmin Nizamnamənin alternativi qəbul edilməlidir. Azərbaycan Respublikasının Prezidentinin də ifadə etdiyi kimi BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir. Nəzərə alaq ki, Qoşulmama Hərəkatının fəaliyyət əsasları – Bandunq prinsipləri (Azərbaycan Respublikası Konstitusiyasında da (m.10) təsbit edilən) müasir beynəlxalq münasibətlərdə beynəlxalq hüququn hamılıqla tanınan prinsipləri əsasında formalaşdırılıb. Azərbaycan Respublikasının Prezidentinin də dediyi kimi əgər bütün ölkələr Bandunq (eləcə də beynəlxalq hüququn hamılıqla tanınan normalarına-müəll.) prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik.

Demək ki, əsas problem təminat mexanizmindədir. Bu mənada Qoşulmama Hərəkatının fəaliyyət sistemi, bir halda - bütün dövlətlərin faktiki suveren bərabərliyinə

əsaslı yeni Birləşmiş Millətlər mexanizmini təsis edə bilər. Digər halda hüquqi varisliyi əsas alaraq BMT Baş Məclisinə transformasiya edilə bilər. Təhlükəsizlik Şurasında isə daimi üzvlük institutunun ləğvi və bütün üzvlər üçün rotasiya qaydasında üzvlük təsis edilməlidir.

Beynəlxalq sülhün və təhlükəsizliyin təminatında Qoşulmama Hərəkatının fəaliyyət sistemi birbaşa iştiraka əsaslanır. əksəriyyət dövlətlərin birbaşa iştirakı olmadan fəaliyyət göstərən istənilən prosessual, təşkilati mexanizmlər, o cümlədən BMT Təhlükəsizlik Şurasındakı “təmsil etmə” beynəlxalq hüquq qaydasına, universal ədalətə xidmət edə bilməz.

Azərbaycan Respublikası Dövlət Gömrük

Komitəsinin Akademiyasının müəllimi

professor, Əfsər İsa oğlu Sadıqov

Oxşar xəbərlər