Çingiz xanın oğlu Çuçinin qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşı bərgü tayfasının torpaqlarını tutması faktı tarixdən məlumdur.Orta əsr tarixçisi Fəxrəddin Mübarəkşah (XII əsr) 58 türk tayfası arasında bərgü tayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimi bərküt (bərgülər) kimi qeydə almışdır. Tədqiqatçıların fikrinə görə, bərgülər monqol işğalından xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar. Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Lakin sonradan zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığına birləşdirilmişdir.Əbəs yerə Qubadlını Zəngəzur bölgəsinin qapısı adlandırmırdılar.Burada bir balaca fasilə verib “Qubadlı” toponimi ilə bağlı məsələyə toxunum : Qubadlı toponimi ilə bağlı müxtəlif fərziyyələr mövcuddur.Belə ki,bir qrup tarixçiyə görə Qubadlı adı Şirvanşah Şeyx İbrahim Dərbəndinin babasının adı KeyQubadın adı ilə bağlıdır.Digər bir fərziyyəyə görə Qubadlı toponimi Qubadlı tirəsinin adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi rus generalı P.S.Kotlyarevski göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəy adlı birisinə vermişdir.Qubadlı hansı tarixi şəxiyyətlərimizn məskəni olmayıb ki; çar Rusiyasına qarşı mübarizə aparan Qaçaq Nəbinin,ya da igidlikdə ondan geri qalmayan Həcərin.”Aslanın erkəyi ,dişisi olmaz” atalar sözünün əyani sübutu olan diyarımızdır Qubadlı.Həcəri və Nəbisi ilə.İstər XIX əsr , istərsə də XX əsr arxiv sənədləri, eləcə də çar Rusiyasının mövcud olduğu dövrdə tərtib edilmiş statistik hesabatlar Qubadlı ərazisinin yerli əhalisinin Azərbaycan türkləri olduğunu təsdiq edir. Erməni işğalından əvvəl də rayon əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olub, ərazisində heç bir erməni yaşamayıb. Azərbaycan xalqının tarixi faciəsi kimi yaşanan 1921-ci ildə rus-erməni, eləcə də daşnak-bolşevik ittifaqının “məntiqi nəticəsi” olaraq, Zəngəzur mahalı iki yerə bölünmüşdür.
Qubadlı, Laçın və Zəngilan rayonları çətinliklə də olsa, Azərbaycan Respublikasının inzibati ərazisində qalmışdır. Qubadlı rayonu Qarabağ silsiləsinin cənub-şərqində Bərgüşad və Həkəri çayları hövzəsində yerləşir. Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən ayrıca bir rayon olub.1988-ci ildən fitnəkar qüvvələrin təhriki ilə “Qarabağ məsələsi” gündəmə gəldikdən sonra Qarabağ bölgəsinin ayrılmaz tərkib hissəsi olan Qubadlı da bu acı taledən öz “pay”ını aldı. 1988-ci il fevral ayının 6-da Xankəndində ilk erməni mitinqləri başlandığı vaxtdan Ermənistandan azərbaycanlıların deportasiya edilməsinə başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Qubadlı rayonu avqustun 31-də erməni işğalına məruz qaldı. 1993-cü ilin avqustunda Qubadlı rayonu uğrunda döyüşlər zamanı müasir dövrdə olduğu kimi, yalançı erməni xisləti özünü açıq-aydın göstərdi. 1993-cü il avqust ayının sonunda ermənilər atəşkəs vədi versələr də, qəfildən hücuma keçərək rayon ərazisini tamamilə işğal etdilər. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası tərəfindən verilən 874 saylı qətnamə ilə təcavüzkarlardan zəbt olunmuş torpaqların boşaldılması tələb olunsa da, Ermənistan buna məhəl qoymadı.Vəə...
27 Sentyabr erməni təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən başlayan əks-hücum əməliyyatları nəticəsində tarixi və qədim Azərbaycan şəhəri Qubadlını işğaldan azad etdi.Azərbaycan Silahlı Qüvvələrinin ən gizli xüsusi bölməsi “YARASA” Qubadlının işğaldan azad edilməsi əməliyyatında iştirak edib və şəhərə ayaq basan ilk hərbi birləşmələrdən olub.Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi : “Azərbaycan özü öz məsələsini həll etdi”.Qubadlının başı üzərində artıq qara buludlar yoxdur,artıq yağı düşmən ayağı bu müqəddəs torpaqlara dəymir.Hər zəfərimizdə ən böyük payı olan şəhidlərimizə,qazilərimizə borcluyuq biz.
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov