Zəngilanın ölkəmiz üçün iqtisadi əhəmiyyəti

Zəngilanın ölkəmiz üçün iqtisadi əhəmiyyəti



Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər Zəngilan rayonunun şaxəli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır. Şərqi Zəngəzur iqtisadi rayonu mineral yataqların sayı üzrə coğrafi şaxələndirməyə malikdir. Rəsmi hesablamalara görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, işğaldan azad olunan və davam edən iqtisadi rayonlarda 155 müxtəlif növ mineral yataqları mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır.
Zəngilan rayonu iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla xarici ticarət üçün unikal imkanlara sahibdir. Tranzit nöqteyi-nəzərdən, rayonun xüsusi özəlliyi var ki, İran islam Respublikası ilə ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər. Habelə, Şərqi Zəngəzur iqtisadi rayonunda Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağı, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur. Erməni işğalçıları tərəfindən istismar edilən bu yataqlar sözügedən ölkəni dırnaqarası “keyfiyyətli mineral ehtiyatlar” ixrac edən ölkəyə çevirmişdir. Belə ki, Ermənistanın xarici ticarətini tədqiq edən zaman ixracda dominant mövqe mineral ehtiyatlara aiddir. Qədim Azərbaycan torpağına aid Ermənistan ərazisində də mineral ehtiyatlar mövcuddur. Sözügedən ölkə Kəlbəcər və Zəngilan rayonu ərazisində yerləşən mineral ehtiyatları mənimsəyərək erməni mənşəli resurs kimi Avropa ölkələrinə və Rusiya Federasiyasına ixrac etmişdir.
Zəngilan rayonunun coğrafi müxtəlifliyinin bariz nümunəsi turizm potensialına malik olmasıdır. Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bu zonada yerləşir. Yaşı 500-ə, uzunluğu 12 km çatan çinar meşəliyi Bəsitçay qoruğunda saxlanılır. Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdı. Qoruğun sahəsi 107 hektardır. Qoruqda yerləşən Şərq çinarı "Qırmızı Kitab"a daxil edilib. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən kəsilərək yüngül sənayedə və digər biznes məqsədləri üçün istismar edilən ağaclar da iqtisadi cinayətkarlığın qurbanıdır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərinin işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcəkdir. İqtisadiyyatda tikinti sektorunun drayver roluna malik olduğunu nəzərə aldıqda, daxili tələbin qarşılanmasında Zəngilan rayonunun təbii sərvətləri əhəmiyyətli rol oynacaqdır. Bundan əlavə, son illər mineral resurslarımızın ixracı qeyri-neft sektorunda lider mövqelərdə təmsil olunur. Belə ki, qızıl ixracı həyata keçirən dövlət şirkətinin ixracı aylıq ortalama 10-18 milyon ABŞ dolları arasında dəyişir. Zəngilan rayonunda sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağından istifadə ilə ölkəmiz mineral resurslar ixracını daha da artıracaqdır.
Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi olacaq ki, bu da rayonu bölgənin logistik habına çevirəcək. Horadiz ilə Zəngilanı birləşdirəcək dəmir və avtomobil yollarının inşaatı sürətlə davam etdirilir. Zəngilana gedən zaman yolboyu texnika və avadanlıqların intensiv işləməsinin şahidi olmaq mümkündür. Eyni zamanda, Zəngilanda inşa edilmiş Beynəlxalq Hava Limanı artıq hazırdır və cari ayın 20-də açılışı nəzərdə tutulmuşdur. Uzun illər işğal altında qalan torpaqlarımızda çox çəkməz həyat yenidən qaynayar, bu yerlərə gülüş və həyat yenidən qayıdar.



Ülviyyə Qasımova,
Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi, YAP fəalı


Oxşar xəbərlər