Bu gün dəyişən qaydalar fonunda yeni dünya modeli hər kəsi düşündürür. Müharibələrin, yeni böhranların baş verməməsi üçün ilk növbədə humanizmə, ədalətə əsaslanan çağırışların artdığı bir dövrdə yaşayırıq. Uzun müddətdir ki, Rusiya və Ukrayna arasında gedən müharibə nəticəsində Avropa ölkələrində artan böhranlar siyasi səhnədə yeni tərəfdaşların olmasını labüd edir.
6 oktyabr 2022-ci il tarixində Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Aİ Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında dördtərəfli görüş dünya gündəmində əsas məsələlərdən oldu.
Bu görüş bir daha göstərdi ki, düzgün və ağıllı siyasətin nəticəsi olaraq Azərbaycan Avropada etibarlı ticarət tərəfdaşına çevrilmişdir. Bir sıra önəmli nəqliyyat dəhlizlərinin yerləşdiyi coğrafi mövqe səbəbindən Azərbaycandan keçməsi nəqliyyat sahəsində Avropa İttifaqı ilə əməkdaşlıq üçün yeni imkanlar yaradıb.
Enerji resurslarına sahib olan Azərbaycan artıq dünyada maraq kəsb edən ölkəyə çevrilməkdədir. Siyasi dialoq ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan və Aİ arasında bağlanacaq yeni saziş məhz uğurlu siyasətin göstəricilərindən biridir.
Avropanın qaz və neft sahəsində üzləşdiyi problemlər Azərbaycan qazına marağı kəskin artırmışdır. Gələcəkdə ixrac olunacaq qazın iki dəfə artırılması da, yeni qaz yataqlarının istismara düşməsi deməkdir.
Bu münasibətlərin normal davam etməsi üçün sülhün olması əsasdır. Azərbaycan və Ermənistan münasibətlərində son dövrlərdə baş verənlər onu göstərir ki, Brüsseldə bir neçə dəfə keçirilən görüşlərdə Azərbaycan sülhə bir addım da yaxınlaşıb. Davamlı olacaq sülh müqaviləsınin imzalanması üçün ölkəmiz tərəfindən qətiyyətli addımlar atılıb. Son vaxtlar baş verən Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar sülhü pozmağa hesablanıb.
İkinci Qarabağ müharibəsindən sonra 250-dən çox azərbaycanlının həlak olması və ya yaralanması bizə qarşı davam edən erməni terrorunu aydın göstərir. Bu günə kimi Azərbaycan ərazisindən bəzi erməni silahlı birləşmələrinin çıxarılmaması, ərazilərimizin xaincəsinə minalanmağa çalışılması qəbuledilməzdir. Amma buna baxmayaraq Azərbaycan siyasi səhnədə öz qətiyyətli və dik duruşunu itirmir. Sülh tərəfdarı olduğunu həmişə bəyan edir.
Cənab Prezident İlham Əliyevin sozləri ilə desək, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, gələcək həyatını hər hansı ölkə ilə müzakirə etmək fikrində deyilik. Bu, Azərbaycanın daxili işidir.
Sülh müqaviləsi bağlanması ərəfəsində Ermənistan da xoş məram ifadə etməlidir. Bu da dünyaya yeni bir sülhün gəlməsi, Azərbaycanın dünyada təhlukəsiz və etibarlı tərəfdaş olması deməkdir. Ancaq təəssüflər olsun ki, bəzi məsələlərdə, xüsusən Naxçıvanla olan kommunikasiya əlaqələrinin açılmasında Ermənistan öz üzərinə götürdüyü öhdəliyi pozur. Azərbaycan hələ ki təmkinli davranır və səbir nümayiş etdirir.
Praqada dördtərəfli görüşün sonunda qəbul edilən bəyanat Azərbaycanın siyasi arenadakı artan gücünü və qətiyyətini göstərdi. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin digər ölkələr tərəfindən bir daha tanınması öz təsdiqini tapdı.
Qarabağ Azərbaycandır!
Yaşasın güclü və qüdrətli Azərbaycan Respublikası!
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Səid Babayev