İllərdir davam edən Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həlli regionda sülh və sabitliyi təmin edəcəkdir

İllərdir davam edən Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həlli regionda sülh və sabitliyi təmin edəcəkdir
Azərbaycan–Ermənistan münaqişəsi XX əsrin ən faciəli münaqişələrindən biri hesab olunur. 1994-cü ildə tərəflər arasında atəşkəsə dair Bişkek protokolunun imzalanmasına baxmayaraq, qarşı tərəf bu sənədə əməl etməyərək dəfələrlə atəşkəsi pozmuşdur. Bu münaqişə ilə bağlı Beynəlxalq təşkilatlarda müzakirələr aparılmış, problemlə bağlı bir sıra qətnamələr qəbul edilmişdir. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən 822 saylı, 1993-cü il iyulun 29-da Ermənistan qoşunlarının Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı, 1993-cü il oktyabrın 14-də Ermənistan qoşunlarının ATƏM-in Minsk qrupunun nizama salmaya dair vaxt cədvəlinə uyğun olaraq, ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874 saylı, 1993-cü il noyabrın 11-də Zəngilan rayonu və Horadiz qəsəbəsindən və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edən 884 saylı qətnamələrə - ermənistan rəhbərliyi nəinki əməl etməmiş, hətda sərhəddə yeni–yeni təxribatlar törədərək yüzlərlə hərbi və mülkü insanın zərər görməsinə səbəb olmuşdur.
Növbəti illərlə tərəflər arasında dəfələrlə görüşlər keçirilsə də, bir nəticə əldə edilməmişdir. 2007-ci ilin noyabr ayında Minsk qrupu münaqişənin sülh yolu ilə həllini ehtiva edən və “Madrid prinsipləri” kimi tarixə düşən təkliflər sənədi münaqişənin mərhələli şəkildə həll edilməsini nəzərdə tutsa da Ermənistanın destruktiv mövqeyi səbəbindən gözlənilən irəliləyiş əldə olunmamışdır. 2018-ci ildə Ermənistanda N.Paşinyanın hakimiyyətə gəlişi danışıqlar prosesinə əngəllər törətməyə başladı. 2019-cu ilin martında Ermənistanın müdafiə naziri Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı “yeni torpaqlar üçün yeni müharibə”nin zəruriliyi haqqında bəyanat verdi, N.Paşinyan isə 2019-cu ilin avqustunda Xankəndinə etdiyi qanunsuz səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə” deməklə sülh prosesinə ağır zərbə vurdu. “Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq ictimaiyyət qarşısında Ermənistan Baş nazirinin məsuliyyətsiz sözlərinə münasibət bildirdi: “Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
2020-ci ildə 44 gün davam etmiş “Vətən müharibəsi”ndə əldə edilmiş böyük zəfər nəticəsində imzalanmış 10 noyabr bəyannaməsi Ermənistan rəhbərliyinin populist çıxışlarına ən böyük cavab oldu. 10 noyabr bəyannaməsinin şərtlərindən irəli gələn məsələlərin həlli və sülh müqaviləsinin imzalanması üçün tərəflər arasında danışıqlar davam etdirilmişdir. Avropa İttifaqının təşəbbüsü ilə son iki ildə Azərbaycanla Ermənistan liderləri arasında dəfələrlə görüşlər keçirilmişdir. 2022-ci il fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutmuş görüş Prezident İlham Əliyev, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makron, Şarl Mişel və Nikol Paşinyanın iştirakı ilə Videoformatda keçirilmişdir. Görüşdə rəsmi Bakının iki ölkə arasında sərhədlərin delmitasiyası, sülh sazişinin imzalanması, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi kimi mələlələr müzakirə olunmuşdur.
2022-ci il aprelin 6-da keçirilmiş görüş isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilmişdir. 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupunun yaradılması qərara alınmışdır. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqamlar Azərbaycanın ərazi bütövlüyüdür: 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli razılaşmanın müddəalarına tam riayət etmə zərurəti burada bir daha təsdiqlənmişdir. Nəhayət 2022-ci ilin oktyabrında Praqada keçirilən, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edildi. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Qeyd etmək lazımdır ki, Almatı Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, sənəd əslində SSRİ-nin dağılmasını rəsmiləşdirən və MDB-nin yaradılmasını elan edən sənəd kimi qiymətləndirilir. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrdə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər. Beləliklə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin apardığı uğurlu diplomatik siyasət nəticəsində Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyü rəsmi şəkildə tanımış oldu. Həmçinin suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də tanımış oldu.
Görüşün mühüm nəticəsi kimi, Prezident İlham Əliyevin ifadə etdiyi kimi, sülh prosesinə artıq təkan verilib: "Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır" Prezident İlham Əliyev tez müddətdə sülhə nail olmaqla bağlı əminliyini ifadə edib və bunun ilin sonuna kimi mümkünlüyü bildirib. İllərdir davam edən Azərbaycan–Ermənistan münaqişəsinin sülh yolu ilə həlli regionda sülh və sabitliyi təmin edəcəkdir.


Zabrat qəsəbəsi, 71 №-li tam orta məktəbin
tarix müəllimi Gülnaz Quliyeva


Oxşar xəbərlər