Ulu Öndər Heydər Əliyev ölməz və əbədiyaşar Lider olaraq xalqımızın qəlbində daim yaşayır

Ulu Öndər Heydər Əliyev ölməz və əbədiyaşar Lider olaraq xalqımızın qəlbində daim yaşayır Müasir Azərbaycan tarixinin bütöv bir dövrü Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycanın inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev ideologiyasının təntənəsidir. Dahi rəhbərin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycanın qazandığı bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrəti və dühası, onun uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb.
XX əsrin sonlarına doğru Sovet İttifaqı kimi nəhəng imperiyanın süquta uğraması ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı da uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın əsassız torpaq iddialarına rəvac verilmişdi. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı. Bu cür çətin, mürəkkəb və məsuliyyətli məqamda ulu öndərimiz Heydər Əliyev kimi böyük və zəngin həyat məktəbi keçmiş təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, 1990-cı il iyulun 22-də Naxçıvana gəlməsi, həmin ilin 30 sentyabrında Azərbaycan Respublikasının Ali Sovetinə və muxtar respublikanın Ali Məclisinə deputat seçilməsi xalq arasında ölkənin gələcəyinə inamı gücləndirmişdi. Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, eyni zamanda, təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü idi.
Heydər Əliyev siyasi xəttinə sədaqət nümunəsi olan Naxçıvan Muxtar Respublikası bu gün dinamik şəkildə inkişaf edir, Azərbaycanın sürətlə tərəqqi edən diyarı kimi şöhrət qazanır. İndi Naxçıvanın çox böyük dayanıqlı iqtisadiyyatı, güclü müdafiə potensialı var. Ötən illərdə muxtar respublikamız ölkəmizin ərazi bütövlüyünün qorunub daha da möhkəmləndirilməsinə, milli dövlətçiliyin inkişaf etdirilməsinə, quruculuq proseslərinin genişləndirilməsinə öz töhfələrini verib. Bu gün mühüm enerji potensialı olan Naxçıvan, həm də dünyaya əsrarəngiz turizm imkanlarına malik olan bir diyar kimi qapılarını açır. Beləliklə, əminliklə söyləmək olar ki, ağır blokada vəziyyətindən inkişafa, yüksəlişə aparan yolun əsası 3 sentyabr 1991-ci ildə qoyulub.

Ramidə İbrahimova, 36 saylı şəhər poliklinikasının baş həkimi


Oxşar xəbərlər