Azərbaycan məscidlərində aclara və imkansızlara niyə qapı açılmır? - Hacı Şahindən AÇIQLAMA

Azərbaycan məscidlərində aclara və imkansızlara niyə qapı açılmır? - Hacı Şahindən AÇIQLAMA “Dünən bulvarda rəfiqələrimlə şeytanın qıçını sındırıb çay içirdik, çox səliqəli sarışın bir oğlan uşağı yaxınlaşdı ki, pul istəyirəm, evə yemək alacağam. Sorğu-suala tutmuşuq, deyir atam yoxdur, anam gözləyir pul yığıram. Elə də işıqlı görkəmi vardı ki, amma pul vermədim, qorxdum ki, başqa şeyə xərcləyər. Bu bəlanı necə dəf edək?”

Bəli, yuxarıda qeyd olunan kimi gündəlik işə, dərsə və digər məkanlara gedərkən yolüstü əksəriyyətimizin bu tip pul dilənən şəxslər çıxır.

Artıq mağazada, bazarda və ya hər hansı istirahət mərkəzində hər an başımızın üzərində dayanıb pul, yardım istəyən dilənçiləri görə bilirik. Bu vəziyyət o həddə qədər yuvarlanıb ki, çörək aldığın yerdə “mənə də bir çörək ala bilərsənmi?”, - deyə yaxınlaşanlar var. Əksəriyyəti də kir-pas içərisində olan uşaqlardır. Ürək dağlayan mənzərədir. Doğurdanmı bunun bir çıxış yolu yoxdur?

Heç şübhəsiz onların içində bu dilənməyə vərdiş edən şəxslərlə bərabər, tufeyli həyat sürən əyyaş və narkomanlar da var. Amma hamısı cəmiyyətimizin üzvləri, qardaş və bacılarımızdır. Dünyanın əksər ölkələrində demək olar ki, kilsələr, icmalar səfalət içində olanları, əlil-xəstə kimsəsizləri, hətta dilənçiləri qida ilə təmin edir, onların rahatlığı üçün şərait yaradır.

Bəs ölkəmizdəki məscidlərin, onların rəhbərlərinin bu işləri görmələrinə maneə yaradan səbəblər nədir? “Əl tutmaq, Əlidən qalıb” kəlamına niyə soyuq yanaşırlar?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli mövzu ilə bağlı Bizim.Media-ya fikirlərini bölüşüb. İlahiyyatçının sözlərinə görə, bu kimi yardımın göstərilməsi üçün məscidlərin özünün də maddi bazası olmalıdır:

“Bizim məscidlərdə yığılan ianələrin vəziyyəti ilə bağlı məlumatlı deyiləm. Bizim Məşədi Dadaş məscidində nəzir qutusu ümumiyyətlə yoxdur. Amma məscidə könüllü yardım göstərmək istəyənlər olur ki, bunu bank hesabı vasitəsilə də edirlər. Biz vaxtaşırı yardım kampaniyası da keçiririk və bununla da ehtiyaclı insanlara yardım göstərilir. Lakin məsciddə gündəlik imkansız şəxslərin gəlib qidalanması və bu kimi şeylər üçün şəraitimiz, müvafiq otaqlarımız yoxdur. Məndə olan məlumatlara görə bəzi ziyarətgahlar da ehtiyaclı insanlara qurban əti paylanılır və yaxud da ailə qurmaq istəyib lakin imkanı olmayan gənclərə yardım edirlər. Ev, qızıl-zinət əşyaları hədiyyə edir və ya toylarını təşkil edirlər”.

Hacı Şahin təsdiq edir ki, məscidlər, dini icmalar dinin prisinplərinə uyğun olaraq imkansız, səfil həyat sürən şəxslərə yardım etməli, bunun təşkilinə maraqlı olmalıdırlar:

“Bəli, hesab edirəm ki, məscidlərdə toplanılan ianələr ehtiyaclı insanların qidalanması və digər bu kimi məsələlər üçün xərclənilməlidir. Bunu da qeyd edim ki, bəzi məscidlərdə ianələr də toplanılmır, yəni yığılsa belə icmanın ehtiyaclarını qarşılayacaq dərəcədə olmur. Amma yardım etmək imkanı olan məscidlər, icmalar bu işləri hesab edirəm ki, mütləq görməlidirlər. Bu həm də dinimizin prinsiplərinə uyğundur. Çünki dinimizdə paylaşmaq, insanlara yardım etmək, ac olanları doyurmaq tövsiyə olunmuş əməllərdən biridir. Bu işlərin də məscidlərdə təşkil olunması çox təqdirəlayiq addım hesab olunar”, - deyə ilahiyyatçı bildirib.


Bu işin bir fəndi hökmən düşünülməlidir. Azərbaycan sekulyar dövlət olsa da inancımız imkan verir ki, bütün dünyada olduğu kimi məscidlərimiz də bu humanist aksiyada iştirak etsin.


Çünki imkansızların, həyatı müxtəlif səbəblərdən sındırılmış insanların bir qisminə dini ocaqlar da məlhəm ola bilər. Onlardan hansı faizinisə doğru yola dəvət edib beyinlərinə işıq salmaq mümkündür. Yaşamaq və həyatını qazanmağın şərtləri əslində o qədər də çətin deyil.

Oxşar xəbərlər