Dövlət başçıları İlham Əliyevi təbrik edir - YENİLƏNİB

Dövlət başçıları İlham Əliyevi təbrik edir - YENİLƏNİB Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Həyatınızın əlamətdar günü – 60 illik yubileyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Bu xoş gündə qeyd etmək istəyirəm ki, Sizin həyat yolunuz, xalqınızın rifahı naminə fəal və fədakar əməyiniz ölkəyə vicdanla xidmətin parlaq nümunəsidir. Dost Azərbaycan xalqı sosial-iqtisadi dəyişikliklərin reallaşmasında, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsində, habelə respublikanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində Sizin rəhbərliyinizlə qazanılmış uğurlara görə haqlı olaraq fəxr edə bilər.

İkitərəfli qarşılıqlı əlaqələrin yüksək etimad səviyyəsi ilə səciyyələnən keyfiyyətcə yeni inkişaf mərhələsinə çatmasını Tacikistanda Sizin adınızla bağlayırlar.

Bu xoş fürsətdən istifadə edib vurğulamaq istəyirəm ki, biz ölkələrimiz arasında dostluq və çoxtərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli möhkəmlənməsi və genişlənməsi üçün Sizinlə bərabər bütün tədbirləri görmək əzmindəyik.

Əziz dost, Sizə səmimi qəlbdən uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və qardaş Azərbaycanın firavanlığı naminə bundan sonrakı fəaliyyətinizdə yeni uğurlar diləyirəm”.

***

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Son illərdə Çin-Azərbaycan münasibətləri sürətli və sabit şəkildə inkişaf edir, qarşılıqlı siyasi etimad gündən-günə möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq isə uğurla və səmərəli surətdə irəliləyir. Bu ilin iyun ayında telefon danışığımız zamanı biz ikitərəfəli əlaqələrin inkişafı və əsas istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm razılıqlar əldə etdik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verir, ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin, xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksəlməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm".

***

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Əziz dostum,

Hörmətli cənab Prezident,

Sizi Gürcüstan hökuməti və gürcü xalqı adından 60 illik yubileyiniz münasibətilə xüsusi şərəf hissi ilə ürəkdən təbrik edirəm. Sizə güc-qüvvət, cansağlığı və uğurlar arzulayıram.

Azərbaycanın uğurlu bir dövlət kimi qurulmasında Sizin xidmətləriniz və rolunuz ölçüyəgəlməzdir.

Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində Sizin şəxsi səylərinizi nə qədər yüksək qiymətləndirdiyimizi xüsusi qeyd etmək istərdim.

Gürcü və Azərbaycan xalqları arasında ənənəvi dostluq Gürcüstan üçün çox dəyərlidir. Bu, ölkələrimizin mehriban qonşuluq və yaxın tərəfdaşlıq münasibətlərinin inkişafı üçün mühüm amildir.

Qətiyyətlə inanıram ki, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq həmişə regionun sabitliyinə, tərəqqisinə və rifahına güclü təminat olacaqdır.

Şadam ki, xüsusən son dövrlərdə əməkdaşlığımızın yüksək səviyyəsi ümumi maraq kəsb edən bir sıra sahələrdə birgə uğurlu işlərimiz üçün möhkəm zəmin yaratmışdır.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Gürcüstanla Azərbaycan arasında qardaşlıq, dostluq, tərəfdaşlıq əlaqələri inkişaf edir, dərinləşir və bu işdə Sizin şəxsi töhfəniz çox böyükdür. Belə bir nümunəvi qardaşlığa görə Sizə bir daha təşəkkür edirəm. Əminəm ki, əlaqələrimiz Gürcüstan-Azərbaycan dostluğunun və əməkdaşlığının möhkəmlənməsinə yeni və daha güclü təkan verəcək, son nəticədə ölkələrimizə firavanlıq, sabitlik gətirəcəkdir. Ölkələrimiz gürcü və Azərbaycan xalqlarının çoxəsrlik mehriban qonşuluğa və dostluğa əsaslanan uğurlu əməkdaşlığını bundan sonra da davam etdirəcəklər.

Əziz dostum, hörmətli Prezident, icazə verin Sizə öz səmimi ehtiramımı bir daha ifadə edim. Sizə rifah və Azərbaycan Prezidenti kimi qarşıya qoyduğunuz məqsədlərə çatmaqda uğurlar arzulayıram".

***

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Ölkə.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz dövlət başçısı kimi atanız – mənim dostum Heydər Əliyevin başlatdığı işi davam etdirərək xalqın rifahının yüksəldilməsində, ölkənin iqtisadiyyatının inkişafında və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində böyük nailiyyətlər əldə etmisiniz.

Ölkənizin ərazi bütövlüyünün bərpası xüsusi sevinc doğurmuşdur. Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasında Sizin səyləriniz regionda təhlükəsizliyə və sabitliyə töhfə verir.

Azərbaycanın parlaq gələcəyi, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərə uyğun olaraq məqsəd və planların uğurla reallaşdırılması üçün məsul işinizdə Sizə uğurlar arzulayıram.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət və mehriban qonşuluq ənənələrinə əsaslanan hərtərəfli strateji tərəfdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə dinamik şəkildə yüksələcək və inkişaf edəcəkdir.

Sizinlə görüşlərimizi həmişə səmimiyyətlə xatırlayıram, münasibətlərimizin gələcəkdə də davam edəcəyinə ümidvaram.

Hörmətli İlham Heydər oğlu, yubileyiniz münasibətilə Sizə möhkəm cansağlığı, ailə səadəti, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

Oxşar xəbərlər