"Şuşa - Azərbaycan mədəniyyətinin göz bəbəyi"

Azərbaycan respublikası tarixinin müxtəlif dövrlərində Qafqazın musiqi mərkəzinə çevrilmiş Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşada XIX əsrin ikinci yarısında Muğam məclisləri görkəmli şair və musiqiçilər, zadəganlar tərəfindən öz saraylarında və kübar salonlarında təşkil olunardı. Bunlar bəzən "musiqi dərnəyi" və ya "musiqi salonu" da adlandırılırdı. Mir Möhsün Nəvvabın məclisi, Məclisi-üns, Kor Xəlifənin, Xarrat Qulunun, Molla İbrahimin məktəbləri Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında, yeni-yeni xanəndələr və musiqiçilər nəslinin yetişməsində mühüm rol oynadılar. Həmçinin bu təhsil ocaqlarının Qarabağ əhalisinin mədəni inkişafında, Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində böyük təsirləri olmuşdur.

Birinci Qarabağ müharibəsi zamanı Şuşa işğal olunmuş və nəticədə erməni işğalçıları 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, vətənimizin nadir sənət incilərini talan etmişlər.

İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi və ya "Dəmir Yumruq" əməliyyatında şiddətli qarşıdurmalar Azərbaycan Silahlı Qüvvələri ilə işğalçı Ermənistan Silahlı Qüvvələri arasında 27 sentyabr 2020-ci il səhər saatlarında Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı nəticəsində Şuşa şəhəri 8 noyabr 2020-ci ildə işğaldan azad edilmişdir. Nəticədə 10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən bəyanat imzalanır. Bəyanatda 10 Noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilir. Zəfər başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan Silahlı Qüvvələrinin igidliyi nəticəsində təmin edildi. İflic vəziyyətə düşən Ermənistan ordusu rüsvayçı şəkildə uduzmaqla “Ermənistan ordusunun məğlubedilməzliyi” sözlərinin mif olduğu gerçəyini öyrəndilər. Ali Baş Komandan İlham Əliyev xalqımızın qəhrəmanlığını, şücaətini, rəşadətini fəxrlə, qururla qalib ölkənin qalib sərkərdəsi kimi dünyaya bəyan etdi.

Bunun davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may tarixində Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzalaması böyük əhəmiyyət daşıyır. Cənab Prezidentin tapşırığı ilə Şuşa şəhərinin mədəni-tarixi abidələrinin bərpası istiqamətində bərpa-

quruculuq işlərinə başlanılmış və bu işlər səmərəli şəkildə sürətlə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir. Prezident İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə Sərəncam imzalaması heç də təsadüfi deyil. Şuşanın tarixini təhrif edərək onu “Şuşi” kimi adlandıran mənfur düşmən Vətən müharibəsində aldıqları dərs nəticəsində bu gün Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı olaraq qəbul etməyə məcburdurlar.

Daha bir sevindirici xəbər isə 32 ildən sonra keçiriləcək “Xarıbülbül” festivalıdır. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan bu festival çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq. Şübhə yoxdur ki, Şuşa çox yaxın illərdə nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 may 2021-ci il tarixində Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması bir müəllim kimi mənim üçün olduqca sevindirici və qürurvericidir.

Sonda öz məqaləmi 15 yanvar 2021-ci ildə Şuşa şəhərində hərbçilərlə görüşdə Cənab Prezident İlham Əliyevin nitqindəki onun unudulmaz sözləri ilə bitirmək istərdim: “Noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən çıxışımın sonunda demişdim: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

Akademik Xoşbəxt Yusifzadə adına

112 nömrəli tam orta məktəbin

Kimya və biologiya müəllimi

Lətifə Mustafayeva

Oxşar xəbərlər