Qədim Şuşa yeni tarixini yaradır

Qədim Şuşa yeni tarixini  yaradır Şuşa ictimai-siyasi, mədəni həyatımızda müstəsna rola və əhəmiyyətə malik olan qədim Azərbaycan torpağıdır. Yadnəfəslilərin 29 illik zülmündən qurtulan müqqəddəs Vətən torpağı bu günlər yeni tarixini yaşayır və xoş günlərinin, növrağının təzə salnaməsini yazır.
Şanlı ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanımız, qüdrətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları digər torpaqlarımış kimi Şuşa şəhərindən də “iti qovulan kimi” qovuldular. İndi üç rəngli bayrağımız Şuşada, Cıdır düzündə tarixi vüqarla dalğalanmaqdadır.
İşğaldan azad edilmiş digər torpaqlarımız kimi Şuşada da indi başqa büsat var. Tarixi Vətəninə qayıdan insanlar burada təkcə fəsillərin dəyişilməsini, təbiətin yenilənməsini deyil, bütövlükdə ruhumuzun təzələnməsini, yaddaşımızda yaşatdığımız mənəviyyatımızın dirçəlişini, intibahını görür və yaşayırlar.
İndi hər kəs xüsusi qürur duyur ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Şuşa tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olmuşdur.
Sərəncam Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir.
Ermənistan Respublikasının işğalçı hərbi qüvvələri tərəfindən 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edilmiş, burada xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi, vandalizm siyasəti həyata keçirilmişdir.
Vandalizmin davam etdiyi 29 il ərazində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılmış, məbədgah və məscidlər təhqir edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana yandırılmışdır.
Ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa edilmiş, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşaya səfərləri zamanı ziyarət etdikləri obyektlərin hamısı – Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir.
Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.
32 ildən sonra keçirilən budəfəki “Xarıbülbül” festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına gəldilər. Dövlətimizin başçısı festivalın açılışında çıxış etdi.
Festival çərçivəsində Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı təqdim edildi, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olundu, atəşfəşanlıq keçirildi.
Uzun illər fasilədən sonra Şuşada keçirilən “Xarıbülbül” festivalı dünyanın diqqətini yenidən Azərbaycana yönəltdi. Bu musiqi festivalı təkcə Azərbaycan xalqının mədəniyyət bayramı kimi dəyərləndirilməməlidir. Bu festival bir daha dünyaya sübut edəcək ki, Azərbaycan xalqının erməni faşizmi üzərindəki Zəfəri regionda və dünyada sülhə bir töhfədir. Şuşada keçilən musiqi festivalında uzun əsrlərdir ki, Azərbaycanda yaşayan müxtəlif xalqlara məxsus musiqi nömrələrinin səsləndirilməsi xalqımızın zəngin multikultural dəyərlərinin və tolerantlığımızın təcəssümü olacaqdır.
Beynəlxalq ictimaiyyət, eləcə də beynəlxalq təşkilatlar nəhayət ki, birmənalı olaraq başa düşməlidir ki, təcavüzkar Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı bu ərazilər terrorçuluğun, silah qaçaqmalçılığın, narkotik vasitələrin daşıma mərkəzinə çevrilmişdi. Bu isə nəinki Azərbaycan, eyni zamanda, insanlıq üçün ciddi təhlükə idi.
Biz əminik ki, dövlətimizin apardığı siyasət nəticəsində Şuşa beynəlxalq səviyyəli mədəniyyət tədbirlərinə ev sahibliyi etməklə, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcəkdir. Şuşa bizim doğma şəhərimiz, mədəniyyət beşiyimizdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev festival çərçivəsində keçirilən konsertdən sonra jurnalistlərlə görüşdü və dedi ki, “bir il bundan əvvəl burada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi. O hərəkətlərə görə, bütün cinayətlərə görə düşmən öz layiqli payını aldı. Bundan sonra burada ancaq Azərbaycan musiqisi, Azərbaycanda yaşayan xalqların musiqisi səslənəcək. Doğrudan da böyük tarixi nailiyyətdir. Hər dəfə buraya gələndə xüsusi hisslər keçirirəm. Əminəm ki, siz də bu hissləri keçirirsiniz. Çünki Şuşanı yenidən görmək bizə nəsib oldu. Bu, böyük xoşbəxtlikdir. Əlbəttə, bir daha görürük ki, Şuşa əsl Azərbaycan şəhəridir. Çünki burada Azərbaycan ruhu hiss olunur. Memarlıq abidələri, bulaqlar, - baxmayaraq ki, ermənilər o bulaqların naxışlarını dəyişmişdilər, yazıları da silmişdilər,- amma yenə də burada hər tərəf, necə deyərlər, Azərbaycan mədəniyyəti ilə qaynayır. Biz əbədi qayıtmışıq, burada əbədi yaşayacağıq. Demişəm ki, Şuşa dünyanın ən gözəl şəhərinə çevriləcək. Təkcə Şuşa yox, azad edilmiş bütün başqa şəhərlər”.
Bəli, Zəfər tariximizdən keçən hər günümüzdə xalqımız yeni tarixini yaşayır. Bu, qalib Azərbaycan xalqının tarixidir. Onu yazanlara eşq olsun.


Rüstəm Məlikov
“Anakur.az” saytının baş redaktoru, Ali Media mükafatı laureatı

Oxşar xəbərlər