Pensiyaları artırmaq üçün “maraqlı” metod: Birinin əlindən al, digərinə ver

Pensiyaları artırmaq üçün “maraqlı” metod: Birinin əlindən al, digərinə ver Hökumət pensiya artımı xərclərini pensiyaçıların sayının azaldılması ilə kompensasiya edir

Son illərdə Azərbaycanda pensiyalar 72% artıb. Faiz olaraq ciddi şəkildə artım olmasına baxmayaraq, azərbaycanlı pensiyaçılar əllərinə cəmi 200 manat ala bilirlər. Pensiyalardakı “artım” sözünün, əslində manatın devalvasiyası səbəbindən ödənişlərin indeksləşdirilməsi olduğuna diqqət çəkməyəcəyik, çünki hazırda bizi başqa bir məsələ narahat edir.

Son illərin statistikası pensiyaçıların sayının tədricən azalmağa doğru getdiyini göstərir. Müstəqil ekspertlər bu vəziyyəti pensiya yaşının artması ilə əlaqələndirirlər və qeyd edirlər ki, artıma yönələn məbləğ pensiya yaşına çatanların sayının azaldılması yolu ilə əldə edilir. İqtisadçı-alim Qubad İbadoğlunun hesablamalarına əsasən, təkcə son bir il ərzində pensiya yaşına çatmış insanların sayı 11717 nəfərə enib, son 2 ildə isə onların sayı 32 min nəfər azalıb.

Pensiya yaşının artmasından sonra baş verən bu sürətli tendensiya təsadüfi deyil. İqtisadçı-ekspert Nemət Əliyevin AYNA-ya dediyinə görə, bu, hökumətə qənaət etməyə imkan verir və qənaət olunan pul hökumətin artan pensiyalarla bağlı xərclərini ödəyir: “2017-ci ilin birinci yarısının sonuna ölkədə 1 milyon 328 400 nəfər pensiya alırdı, ötən ilin sonunda 1 milyon 277 800 nəfər pensiyaçı qaldı. Fikirləşin, iki il yarım ərzində hökumətin sosial siyasəti pensiyaçıların 50600 nəfər azalmasına səbəb oldu”.

“Qısa müddət ərzində hökumət vətəndaşların 3,8%-ni sosial təminat sistemindən kənarlaşdırdı. Nəticələr isə özünü çox gözlətmədi. 2017-ci ildə pensiya alanların sayını azaltmaqla 10 milyon manat, 2018-ci ildə 77 milyon manat, keçən il isə 159 milyon manat qənaət etmiş oldu və bu məbləğ bu ilin sonunda 262 milyona qədər arta bilər. Diqqət edin, qənaət olunan pulun, daha doğrusu, pensiyaçıların ala bilmədikləri pulun məbləği ilbəil artrmaqdadır”, – ekspert bildirib.

N.Əliyev qeyd edib ki, mövcud azal tendensiyası nəticəsində, cari ilin sonuna qədər ölkədə 1 milyon 256 min nəfər pensiyaçı qalacaq: “Beləliklə, qənaət olunan vəsaitin ümumi miqdarı yarım milyard manatı keçəcək. Göstərilən məbləğ bu ilin sonuna qədər bütün pensiyaların 13% artırılması üçün kifayət edəcək. Bununla yanaşı, hökumət pensiyaların 15% artırıldığını elan edir, bunun üçün ümumilikdə 500-550 milyon manat əlavə vəsait tələb olunur. Bu, o deməkdir ki, cari il pensiyaların artırılması təqaüdçülərin daha 72.3 min nəfər azaldılması ilə nəticələnəcək”.

Həmsöhbətimizin dediyinə görə, bəzi vətəndaşların ciblərindən pulları digərlərinin ciblərinə köçürməklə ümumi sosial rifahın yaxşılaşdırılmasına nail olmaq mümkün deyil: “Bununla heç kimə lazım olmayan sosial bərabərsizliyə nail olunur”.

Bu arada, hazırda pensiyaçıların sayı ölkə əhalisinin 12,8%-ni keçmir və bu göstərici ilə ölkəmiz MDB üçün reytinqlərin sonunda qalır. Pensiya yaşının artırılması nəticəsində pensiyaçıların sayı azalmaqda davam edir.

Xatırladaq ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən son dəyişikliklərə əsasən, kişilər üçün pensiya yaşı 1 iyul 2017-ci il tarixindən etibarən hər il altı ay artırılaraq 1 iyul 2021-ci ilə qədər, qadınlar üçün 1 iyul 2026-a qədər artacaq. Deyək ki, 2010-cu ildə qadınların pensiya yaşı 56.5 idi, kişilər 61.5 yaşında haqq etdikləri istirahətlərinə qovuşurdular. 1 iyul 2019-cu ildən 30 iyun 2020-ci ilədək Azərbaycanda kişilərin pensiya yaşı 64.6 il, qadınlarınkı isə 61.6 il olacaq. Bu proses davam edəcək və cari ilin 1 iyulundan gələn ilin 30 iyun tarixinə qədər kişilərin pensiya yaşı 65, qadınlarınkı isə 62 olacaq.

Oxşar xəbərlər