Nazirdən şəhid vərəsələri ilə bağlı daha bir açıqlama

Nazirdən şəhid vərəsələri ilə bağlı daha bir açıqlama “Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi istiqamətində işlər davam etdirilir və artıq ödəniş prosesinə başlanılıb. Prezidentin mühüm sosial önəm kəsb edən bu humanist addımına uyğun olaraq, birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunması və şəffaflığın tam təmin edilməsi şəraitində həyata keçirilir”.

“Azxeber.com” xəbər verir ki, bunu dövlət başçısının qeyd edilən fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər:

“Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur və nazirlikdəki müvafiq işçi qrupu tərəfindən həmin sənədlərin təhlili aparılır”, – deyə nazir söyləyib.

Sonra komissiya daha 110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edib.

Qeyd edək ki, Komissiyanın bundan öncəki – noyabrın 2-də keçirilmiş iclasında 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinə ödəmələrin verilməsi ilə bağlı qərar qəbul olunub.

Ümumilikdə, artıq 224 şəhid hərbi qulluqçu üzrə 281 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün Komissiya tərəfindən qərarlar qəbul olunub.

Oxşar xəbərlər