Azərbaycanda film kimi oğurluq — Oğurlanan qədim samovarını internetdə tanıdı və ... (FOTOLAR)

Azərbaycanda film kimi oğurluq — Oğurlanan qədim samovarını internetdə tanıdı və ... (FOTOLAR) Bərdədə film kimi cinayət hadisəsi baş verib.
Rayon sakini Elməddin Əliyev "Ölkə.Az"a bildirib ki, təxminən bir ay əvvəl evindən qədim samovar və digər əşyalar oğurlanıb. Bir neçə gün öncə isə oğurlanan samovarının internetdə satışa qoyulduğunu görüb:

"Təxminən bir ay əvvəl evimdən samovar və antik əşyalar oğurlanıb. Bir müddət sonra internetdə gördüm ki, həmin əşyalar internetdə satışa qoyulub. Zəng vurdum, qiymətini soruşdum. Bildirdi ki, 800 manatadır. Dedim, bir az aşağı qiymətə ver, götürüm. Mənim yüz ildən artıq yaşı olan samovarımı satan şəxs Gəncədə idi. Getdim, təxminən bir saat telefonuma cavab vermədi. Nəhayət həmin şəxsi tapanda, bildirdi ki, samovar bir saat əvvəl satıldı. İzinə düşdüm və samovarı gedib bir dükanda tapdım. Dedim ki, bu mənim samovarımdır, kimdən aldığınızı deyin. Bildirdilər ki, kimdən və necə aldığımızı deyə bilmərik. Ancaq polisə ərizə verəndən sonra deyə bilərik.

Polisə ərizə yazdım. Gəncə Şəhər Nizami Rayon Polis idarəsindən gəlib dükan sahibinə bildirdilər ki, samovarı qaytarın. Polisdən bildirdilər ki, gedin Bərdəyə, sabah saat 4-də qayıdın gəlin. Samovarınızı alıb verəcəyik, oğruları da tutacağıq. Səhəri gün Gəncəyə qayıtdıq. Bu işə Səbuhi adlı əməliyyatçı baxırdı. Nə qədər zəng elədik, telefonu açmadı.
Yenidən Nizami Rayon Polis İdarəsinin rəis müavini Fəxri müəllimin yanında olduq. Atama dedi ki, gedin, oğrunu da tapacağıq, malınızı da. Bərdəyə qayıtdıqdan sonra rayonumuzda polisə şikayət elədim. Əvvəldən də ərizəylə müraciət etmişdim. Gəncəyə əməkdaş göndərdilər. Əməkdaş qayıdandan sonra bizə lazım olan cavabı vermədi. Dedilər ki, veririk araşdırmağa. Dedim ki, burada araşdırmalı nə var? İnternetdə samovarın fotosu var, ünvanı da sizə vermişəm. Yəni, fakt ortadadır. Guya Fəxri müəllim Bərdədən ezam olunmuş polis əməkdaşına deyib ki, get, özüm araşdırıb, kömək edəcəyəm. Ondan sonra təhqiqatçı evimizə gəldi, fotoları çəkdi. Təzədən 102 xidmətinə zəng vurdum. Amma yenə də xeyri olmadı. Nəhayət gəlib Bərdədə polis rəisinin müavini Zaur müəllimə müraciət etdik. Atama dedi ki, ağsaqqal, narahat olma, samovarı tapıb verəcəyəm. Deyirəm ki, bir toyuq oğurlayanı tutursunuz, amma mənim evimdən antik samovarım gedib, niyə tutmursunuz? Halbuki bütün lazımi məlumatları da sizə vermişəm. Heç samovarı istəmirəm. Amma bilim ki, evimə girən kimdir. Çünki başqa əşyalarım da oğurlanıb. Yenə dedilər ki, evinizdə oturun, tapılsa samovarınızı verəcəyik".

E.Əliyev saytımız vasitəsilə aidiyyatı qurumların rəhbərlərinə müraciət etdi:

"İnanıram ki, rəhbər şəxslərin bu məsələdən xəbəri yoxdur. Çox xahiş edirəm, mənim qədim samovarımı tapıb özümə qaytarsınlar. Lazım olan bütün məlumatları polisə vermişəm".

Oxşar xəbərlər