Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı azalıb

Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı azalıb 2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 25,8 faiz azalıb.

Trend bu barədə "GlobalStats" statistika mərkəzinə istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, sentyabrın 1-ə olan vəziyyətə görə, Azərbaycan sosial media bazarında "Facebook"un payı 65,3 faiz təşkil edib. Bu rəqəm 2016-cı ilin eyni dövrü ilə müqayisədə 21 faiz azdır. Populyarlığına görə "Facebook" Azərbaycan sosial media bazarında birinci yerdə qərarlaşıb.

Populyarlığına görə ikinci yerdə "YouTube" qərarlaşıb. Bu sosial şəbəkənin istifadəçilərinin fəallığı ötən ilə nisbətən 27 dəfə artıb. "YouTube"un ölkə sosial media bazarında payı 14,1 faiz təşkil edib.

"Twitter" sosial şəbəkəsində fəallıq bu ilin ilk səkkiz ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfədən çox artıb. Bu sosial şəbəkənin Azərbaycan sosial media bazarında payı 8,7 faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 24,3 faiz çoxdur.

Azərbaycan sosial media bazarında payına görə dördüncü yerdə "Pinterest" (5,11 faiz) qərarlaşıb. Növbəti sıralarda "Instagram" (2,91 faiz), "V kontakte" (1,19 faiz) və "Tumblr" (1,12 faiz) qərarlaşıb.

Oxşar xəbərlər