Myanmadakı müsəlman qətliamının dəhşətli səbəbi (ŞƏRH)

Myanmadakı müsəlman qətliamının dəhşətli səbəbi (ŞƏRH) "Myanmada son günlər müsəlmanlarla buddistlər arasında baş verən münaqişə, bu ölkədə müsəlmanların kütləvi qətli, dinindən asılı olmayaraq, yaşanan insanlıq dramı gündəmə gəlir, amma ciddi müzakirə olunmur, səbəblər araşdırılmır".

"Qaynarinfo" xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli Myanmada baş verən hadisələrə münasibət bildirərkən qeyd edib.

O bildirib ki, həmin ölkədə normal müzakirə ortamı, TV-lər olmadığı üçün hadisə barədə dəqiq məlumat almaq imkanımız da yoxdur:



"İlk növbədə qeyd edim ki, Myanma uzun illər Çinin nəzarətində olan hərbi xunta vasitəsi ilə idarə olunurdu, bu gün də Çinin həmin ölkəyə ciddi təsirləri var. 1990-cı illərin əvvəlində Myanmanın dünyada ən çox neft-qaz, uran olan 20 ölkədən biri olduğu məlum oldu. Bir neçə il öncə isə Beynəlxalq Enerji Agentliyi Myanmanın yaxın 30 ildə ən çox yeni neft-qaz yatağı kəşf ediləcək 5 ölkədən biri olacağını elan etdi. Bunun nəticəsidir ki, artıq 2000-2010-cu illərdə Çin Myanmaya 14 mlrd. dollar sərmayə qoydu. Təbii ki, Qərb şirkətləri bu mənzərəyə tamaşaçı kimi qala bilməzdi. Buna görə də xanım Aunq San Suu Kyi yeni bir lider kimi ciddi PR olunmağa başlandı, Nobel mükafatı aldı, formal olaraq hakimiyyətə gəldi (hələ də ordu, polis, məhkəmə, dövlət orqanları faktiki olaraq Çinin oyuncağı olan xuntanın əlindədir). Xanım San Suu Kyi keçən il neft-qaz yataqları ilə bağlı 25 yeni tender elan etdi və hamısını Avropa, ABŞ, Cənubi Koreya, Hindistan, Malaziya, İndoneziya şirkətləri qazandılar”.

Ekspert qeyd edib ki, Myanmanın qaz ehtiyatları 3-5 trilyon m3 həcmindədir, gündəlik neft hasilatı 1 mln. barreldir, amma 3 mln. barrelə çıxa bilər:

“Buna görə də Myanmadakı yatırımların Qərbin əlinə keçdiyi üçün Çin ölkədə öz xunta və buddist şəbəkəsi ilə dini qırğın saldı, Qərb şirkətlərini oradan uzaqlaşdırmaq məqsədi ilə “qeyri-sabit” ölkə imici yaratmağa başladı. Daha bir böyük siyasi hədəf isə odur ki, Çin öz xalqına və ətraf xalqlara demokratiyanın pis bir şey olduğu, seçkinin xaosa apardığı, demokrat xanım San Suunun isə əslində qaniçən cani olduğunu sübut etmək üçün işlər görür. Bu işdə Rusiya da ona yardım edir. Diqqət edilməli digər məqam isə Myanma ilə bağlı Britaniyanın təklif etdiyi humanitar yardım paketinə BMT-də məhz Rusiyanın veto qoymasıdır. Çünki paketdə Myanmaya BMT qoşunlarının getməsi də yer alırdı. Çin hökuməti yaxşı başa düşür ki, Myanmaya Qərb ordusu BMT mandatı ilə gəlsə, bütün ölkə əlindən çıxacaq”.

N.Cəfərli vurğulayıb ki, Myanmadakı məzlum əhalinin qətlə yetirilməsini əks etdirən görüntülər yayılsa da, insanların niyə qətl edildiyi, bunun arxasında nə dayandığı araşdırılmır:

“Təbii ki, səbəbi nə olur-olsun, günahsız insanların qətl edilməsi bir faciədir, insanlıq dramıdır. Amma dünya buna susmur, Qərb mediası hər gün bundan yazır. Ancaq Çin qəsdən Şimali Koreyadakı “dəli oğlanı” oynadaraq dünyanın diqqətini Myanmada müsəlmanların qətlindən yayındırmağa çalışır. Myanmada baş verənlər Çin, Rusiya kimi dövlətlərin, Qərbin böyük şirkətlərinin nə qədər acımasız, qansız, insanlıq düşməni olduğunu bir daha üzə çıxardı”.

Oxşar xəbərlər