2026-cı il aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasında mövcud münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi üçün yeni imkanlar yaratmışdır.
Cənab prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda səfərin əhəmiyyətini xüsusi vurğulamış, ölkələrimiz arasında münasibətlərin artıq möhkəm əsaslar üzərində qurulduğunu qeyd etmişdir. Görüşlər zamanı həm ikitərəfli məsələlər, həm də beynəlxalq əhəmiyyətli mövzular ətraflı şəkildə müzakirə olunmuş, tərəflər əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparmışlar.
Qeyd olunmuşdur ki, Azərbaycan və Latviya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin inkişafında mühüm rol oynayır. Bu sənəd iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi üçün etibarlı hüquqi baza yaradır və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə şərait yaradır.
İqtisadi sahədə əməkdaşlıq məsələləri də diqqət mərkəzində olmuşdur. Qarabağda, Şuşa şəhərində keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın iclası və Bakıda təşkil olunan biznes-forum gələcək əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu bir daha göstərmişdir. Xüsusilə qarşılıqlı sərmayələrin artırılması və birgə layihələrin həyata keçirilməsi istiqamətində müsbət perspektivlər vurğulanmışdır.
Bununla yanaşı, nəqliyyat və əlaqə imkanlarının genişləndirilməsi, o cümlədən birbaşa uçuşların təşkili məsələsi də müzakirə edilmişdir. Bu addım ölkələr arasında həm iqtisadi, həm də humanitar əlaqələrin daha da güclənməsinə xidmət edə bilər.
Təhsil sahəsində əməkdaşlıq da önəmli istiqamətlərdən biri kimi qeyd olunmuşdur. Latviyada təhsil alan azərbaycanlı tələbələrin sayı bunu bir daha təsdiqləyir və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə inam yaradır.
Görüşlər zamanı regional təhlükəsizlik məsələləri də diqqətdən kənarda qalmamışdır. Cənab prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi barədə məlumat vermiş və bölgədə sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulamışdır.
Məlum olduğu kimi, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün həmin siyasət cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirir.
Sonda qeyd etmək olar ki, bu səfər Azərbaycan və Latviya arasında münasibətlərin daha da inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı əlaqələrin güclənməsinə xidmət edir.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Ağayeva Xəyalə