Avropa Məhkəməsindən Azərbaycan hökumətinə cərimə “yağışı”

Avropa Məhkəməsindən Azərbaycan hökumətinə cərimə “yağışı” Mehman Əliyev: “Məsələ getdikcə daha da gərginləşir”

Tahir Kərimli: “Onlar ancaq cərimələməklə məşğuldurlar”

Aprelin 13-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanı növbəti dəfə yüksək məbləğdə cərimələdi. Ölkəmizdəki seçki pozuntuları ilə bağlı göndərilən 22 şikayət üzrə qərar elan olunub. AİHM hökumətin ümumilikdə 241 min avro məbləğində təzminat ödəməli olduğunu müəyyən edib.

Qeyd edək ki, son aylarda Avropa Məhkəməsi tərəfindən Azərbaycanın yüksək məbləğdə cərimələnməsi mütəmadi hal alıb. Bundan öncə də onlarla siyasi fəal barəsində qurumun çıxardığı qərarlarla tanışıq. Ölkə hakimiyyəti isə AİHM-nin çıxardığı qərarları icra etməkdən yayınır. Təsadüfi deyil ki, ötən il Azərbaycanla bağlı verilən qərarların heç biri hələ də icra edilməyib.

Siyasi analitiklər mövcud durumun, Avropa Məhkəməsinin tez-tez Azərbaycanı cərimələməsinin gələcək zaman baxımından münasibətlərdə soyuqluğa səbəb olacağını düşünürlər. Artıq hakimiyyətin də səbir kasasının dolduğu müşahidə olunur. Bunu iqtidar təmsilçilərinin açıqlamalarından sezməmək mümkün deyil.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, bu cür qərarlar Azərbaycan hökumətinə təzyiq vasitələrindən biridir: “Bu təzyiqin iki səbəbi var. Birincisi, hakimiyyət götürdüyü öhdəliklərdən qaçır.

Картинки по запросу Mehman Əliyev

Bu öhdəliklər demokratiya, insan haqları və digər məsələləri əhatə edir. Azərbaycanda başqa problemlər də var. Neqativ halların aradan qaldırılması istiqamətində isə heç bir iş görülmür. İkincisi, məhkəmə institutları ilə bağlıdır. Hökumət azad məhkəmə sisteminin qurulması ilə bağlı götürdüyü öhdəliklərdən də qaçır. Davamlı şəkildə məhkəmələrdən istifadə edərək, vətəndaşların hüquqlarını pozur. Məhkəmələr Azərbaycanda cəzalandırma institutu kimi qalmaqda davam edir. Avropadan gələn qərarlar onu göstərir ki, məhkəmə sistemi yoxdur. Bu yolla Azərbaycan hakimiyyətinə çatdırmaq istəyirlər ki, islahatları aparmalısınız. Qərarların tez-tez çıxarılması o deməkdir ki, məsələ getdikcə daha da gərginləşir. Azərbaycan hakimiyyəti verilən bu qərarlara qarşı heç nə edə bilməyəcək. Avropa Məhkəməsindən imtina edəcək? Yaxud Avropa Şurasından çıxacaq?”

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli bildirdi ki, Avropa Məhkəməsinin bu cür qərarları getdikcə intensiv hal almağa başlayıb: “Biz Avropa Məhkəməsinin qərarlarını qəbul etmişik. Bu baxımdan təbii ki ölkəmizlə bağlı qərarlar icra olunmalıdır. Hüquqi prosedura belədir. Burada əsas narazılıq onunla bağlıdır ki, Avropa Məhkəməsi işlərə çox gec baxır. İnsanlar bəlkə də cərimə tələb etmirlər, sadəcə hüquqlarının bərpasını istəyirlər.

Картинки по запросу Tahir Kərimli:

Amma bu illərlə o qədər aktuallığını itiririk ki, sonunda heç bir əhəmiyyəti qalmır. Onlar ancaq cərimələməklə məşğuldurlar. İnsanların hüquqlarını yalnız bunda görürlər. Biz bilirik ki, Avropa Məhkəməsinə bir çox ölkələrdən şikayətlər gedir. Nədənsə başım çıxmır ki, niyə müsəlman ölkələrinə qarşı bu qurumda daha çox aqressivlik var. Düzdür, Avropa Məhkəməsinin ölkəmizlə bağlı müsbət qərarları da olub. Onu da qeyd edim ki, Avropadan gələn bu qərarlara Azərbaycan instansiyalarında yenidən baxılır. Bu zaman uzanmalar olur. Nəticədə Avropa Məhkəməsinin qərarları icra olunmamış qalır. Bir məsələ də var ki, bu qurumun qərarları Azərbaycan Konstitusiyasına zidd olarsa, o zaman qəbul olunmur. Buna görə də, Azərbaycanda da bəzən Avropa Məhkəməsinin konstitusiyamıza zidd olduğu barədə tələblər qoyulur, iddialar qaldırılır. Nəticədə o qərarların icrası ilə bağlı yeni qərarlar vermək zərurəti yaranır. İstənilən halda ölkəmizdə Avropa Məhkəməsinin qərarlarını icra edən orqanlar var. Bu qurumlar dövlət imicini daim qoruyub saxlamalıdırlar. Həm Azərbaycanın imici qorunmalı, həm Avropa Məhkəməsinin qərarları icra edilməli, həm də ədalət olmalıdır”.
Mənbə:Musavat.com

Oxşar xəbərlər