Azərbaycanda 313 məmur haqda cinayət işi açılıb - Yenilənib

Azərbaycanda 313 məmur haqda cinayət işi açılıb - Yenilənib Bu gün Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 2016-cı ilin yekunlarına dair hesabat-mətbuat konfransı keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hesabatda bildirilib ki, qeyd edilən ildə korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında yaxalanıb. Axtarışda olan 24 nəfər saxlanılıb. Cinayət işləri üzrə vurulmuş 202 milyon manat məbləğində ziyanın 33 milyoni ödətdirilib.

Dövlət və özəl sektorda işləyən 313 vəzifəli şəxs barəsində 201 cinayət işi açılıb. İdarə tərəfindən cinayət işləri üzrə 78 milyon manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Cinayət işi başladılan 313 vəzifəli şəxsdən 110 nəfəri mənimsəmədə, 61 nəfəri dələduzluqda, 34 nəfəri vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, 52 nəfəri rüşvət almaqda, 17 nəfəri rüşvət verməkdə, 3 nəfər vəzifə saxtakarlığında, 1 nəfər səhlənkarlıqda, 35 nəfər isə digər maddələrlə ittiham edilib.

***

İdarə rəisi Kamran Əliyev bildirib ki, qanunvericiliyə edilən dəyişikliklər korrupsiyaya qarşı mübarizədə müsbət rol oynayıb.

K.Əliyev bildirib ki, ötən il Dövlət Təhlükəsizlik Xidmətindən 14, Fövqəladə Hallar Nazirliyindən 16, Ədliyyə Nazirliyindən 15, Daxili İşlər Nazirliyindən 15, Vergilər Nazirliyindən 48, Dövlət Gömrük Komitəsindən 3, Dövlət Sərhəd Xidmətindən 4, Baş Prokurorluqdan 5, rayon prokurorluqlarından 65, Prezident Administrasiyasından 1, Bakı Ağır Cinayətlər Məhkəməsindən 1, rayon məhkəmələrindən 37, Bələdiyyələrlə İş üzrə Mərkəzdən 23, Maliyyə Nazirliyindən 15, Səhiyyə Nazirliyindən 4, Təhsil Nazirliyindən 4, Kənd Təsərrüfatı Nazirliyindən 6, Maliyyə Bazarlarına Nəzarət Palatasından 4, İqtisadiyyat Nazirliyindən 9, Əmlak Məsələləri Komitəsindən 14, Dövlət Neft Şirkətindən 6, Dövlət İmtahan Mərkəzindən 5, bank sektorundan 23 material Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olub. Materialların əksəriyyəti barədə cinayət işi başladılıb.

Hesabat dövründə 5 prokurora cinayət işi açılıb. 3 prokuror cəzalandırılıb. Onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-nə töhmət verilib, 1-i isə vəzifəsindən kənarlaşdırılıb.

Oxşar xəbərlər