"Generallara ayda 150.000 dolar göndərirdim" - Şok etiraf

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin həbsdə olan aparat rəhbəri Vidadi Zeynalovun istintaq zamanı verdiyi ifadə məlum olub.

APA-nın məlumata görə, o, ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərib ki, özünün və ailə üzvlərinin heç birinin adına özəl şirkət yoxdur: "Yaxın qohumumun adına "PLZ” adlı şirkət var. Həmin şirkət tikinti və turizm sahəsində fəaliyyət göstərir. Nazirlikdə 2 birlik, 5 MMC və 3 idarə fəaliyyət göstərir. Nazirlikdə aparat rəhbəri işlədiyi dövrdə nazir Əli Abbasovun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəisi Beytulla Hüseynova verdiyi tapşırığa əsasən Beytulla Hüseynov 2009-cu ildə mənə ayda 200.000 manat, sonradan birliyin gəlirləri artdığından 2012-ci ildə aylıq olaraq 300.000 manat, bəzi hallarda, yəni həmin ilin yanvar-fevral aylarında 500.000-600.000 manat məbləğində pul verib. Belə ki, hər ayın sonunda Beytulla Hüseynov Əli Abbasovun qəbuluna gələrək birliyin gəlirləri, verəcəyi pul barədə məlumat verib: "Beytulla Hüseynov nazirin qəbulundan çıxandan sonra mənimlə görüşürdü və bildirirdi ki, birliyin baş mühasibi Anar Mustafayev mənimlə əlaqə saxlayacaq. Bir müddət sonra Anar Mustafayev mənim yanıma gələrək birliyin gəlirləri, yuxarıda qeyd edilən pul məbləğlərini və yazılı qeydləri mənə verirdi. Mən də onun gətirdiyi məlumat əsasında birliyin gəlir və xərclərini hesablayıb ümumi məbləğ tərtib edib Əli Abbasova verirdim. Aldığım pulu isə otağımdakı seyfdə saxlayırdım”.

Bundan başqa, V. Zeynalov ifadəsində göstərib ki, aylıq pul verənlər BTRİB və "Aztelekom” MMC olub. "Azərpoçt” MMC-dən hər ay təqribən 50 min manat, Məlumat Hesablama Mərkəzindən hər ay 50 min manat, Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzindən isə 220.000-240.000 manat məbləğində pul verilib. Lakin həmin struktur bölmələri həmin məbləğləri mütəmadi olaraq verməyib. Elə vaxtlar olub ki, gəlirləri olmayıb və həmin strukturlar pul verməyib. Bundan əlavə, qoyulmuş qaydaya görə həmin idarələr tərəfindən verilən pulların 25-30 faizi onların özlərinə verilib. BTRİB və "Aztelekom” MMC üzrə verilən aylıq puldan onlara verilməyib. Belə ki, onların fəaliyyət sahələri nisbətən geniş olub. Müəyyən olunmuş aylıq pul vəsaitlərini verdikdən sonra qalan vəsaitlər onlara qalıb. Bu qayda ilə həmin idarələrə ayda təxminən 50.000-100.000 manat pul qalıb. "Aztelekom” MMC-dən hər ay pulu cəmiyyətin direktoru Məmməd Məmmədov və ya onun Qulu adlı köməkçisi, həmçinin cəmiyyətin baş mühasibi Oqtay adlı şəxs verib.

V. Zeynalov ifadəsində bildirib ki, qeyd olunan ödənişlərlə bağlı hər birliyin və idarənin rəhbəri nazirə əvvəlcədən məlumat verib və verəcəkləri pulun miqdarını onunla razılaşdırıblar. Onda toplanan pullar isə nazirin göstərişi ilə paylanılıb. Nazirin tapşırığı ilə bir il yarım ərzində həmin puldan hər ay 50.000 ABŞ dolları MTN-in Monitorinq Xidmətinin rəisi Teymur (MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev) adlı şəxsə onun sürücüsü, 2011-ci ildən başlayaraq isə hər ay 100.000 ABŞ dollarını nazirliyin kuratoru Sübahir (MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov-red.) adlı şəxsə sürücüsü vasitəsi ilə göndərib. Bundan əlavə, hər ay toplanan puldan 200.000-300.000 manat nazirin şəxsi işlərinə sərf olunması üçün onun özünə verib. 520.000 manat isə nazirliyin şöbə rəisləri vasitəsi ilə nazirliyin əməkdaşlarına paylanılıb. Təxminən 50.000 manat digər xərclərə, o cümlədən bayram şənliklərinə, qonaqlara hədiyyə alınmasına sərf edilib.

Bundan, əlavə həmin puldan hər ay əvvəllər 30.000 manat, son iki ildə isə 50.000 manat onun özünə ayrılıb və ona verilib. Nazir müavinlərinə ayda əvvəllər 15.000-20.000 manat, son iki ildə isə hər birinə 30.000 manat verib.

Oxşar xəbərlər