Bu gün Milli Kino Günüdür

Bu gün Milli Kino Günüdür 1898-ci il iyunun 21-də Bakıda Vasil-Vyatskinin teatr–sirkində tamaşanın tərkib hissəsi kimi Bakı həyatından bəhs edən “Şəhər bağında xalq gəzintisi”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Bakı küçəsi sübh çağı” kinosüjetləri nümayiş etdirilib.

Elə həmin il avqustun 2-də 25 ildən artıq Bakıda yaşayıb işləyən, Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mixayloviç Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərin müstəqil nümayişini təşkil edib.

Adıçəkilən süjetlər 1900-cu ildə Parisdə keçirilən Ümumdünya sərgisində nümayiş olunub və orada da saxlanıb. Onlardan ikisi – “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanı neft fontanı” 2001-ci ildə Fransanın kino arxivindən Azərbaycana geri qaytarılıb. Həmin kinosüjetlər hazırda 35 mm-lik plyonkada və videokasetdə filmfondda qorunub saxlanılır. Bu tarixi faktın nəticəsi olaraq Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə avqustun 2-ni kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edib.

1908-ci ildə professional kinooperator Qrossman Bakı neft mədənlərinin həyatından bəhs edən süjetlər çəkməyə başlayıb. Bu mövzu Fransanın “Pate” və “Qomon” kinoşirkətlərini də maraqlandırıb və onlar Bakıya öz operatorlarını göndəriblər. Çəkilən filmlər şəhərdəki “Rekord”, “Mikado”, “Ekspress”, “Fransuzski” kinoteatrlarında göstərilib.

1915-ci ildə Pirone qardaşları Bakıda “Filma” Səhmdar Cəmiyyətini yaradıblar və 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib. Hər iki filmin rejissoru Boris Svetlov, operatoru isə Qriqori Lemberq idi.

1918-ci ilin mayında Azərbaycan Demokratik Respublikası elan olunduqdan sonra yeni hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni-iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda Kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb.

1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər. 1919-cu il mayın 28-də Azərbaycan Demokratik Respublikasının ildönümünə həsr olunan xronikal film çəkilib. Təəssüf ki, Azərbaycanın ilk ekran puublisistikası nümunəsi olan həmin film bizim günlərə çatmayıb.

1920-ci ilin aprelində Azərbaycanın bolşevik ordusu tərəfindən işğalından və milli hökumətin süqutundan sonra iyulun 4-də inqilab komitəsinin sədri N.Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayıb.

Həmin ildə “Bakıda XI Qızıl Ordu hissələrinin paradı”, “Şərq xalqlarının qurultayı” və “26 Bakı komissarlarının dəfni” xronikal filmləri çəkilib.

1923-cü ildə Azərbaycanda kinostudiya yaradılıb. 1925-ci ildən isə əsas istehsalat sahəsi olan kinofabrik istifadəyə verilib.

Kinostudiya 1923-26-cı illərdə “Azərbaycan Foto-Kino İdarəsi” (AFKİ), 1926-30-cu illərdə “Azdövlətkino”, 1930-33-cü illərdə “Azərkino”, 1933-cü ildə “Azfilm”, 1934-cü ildə “Azdövlətkinosənayesi”, 1935-40-cı illərdə “Azərfilm”, 1941-59-cu illərdə “Bakı kinostudiyası” adlanıb, 1961-ci ildən bu günə qədər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adını daşıyır.

Abbas Mirzə Şərifzadənin 1926-cı ildə çəkdiyi “Bismillah” filmi Azərbaycan kinematoqrafiyasının ilk müstəqil əsəri, Şərifzadə isə ilk milli rejissorudur. 1925-ci ildə milli kino kadrlara kömək məqsədilə İ.Savçenko, V.Pudovkin, A. Beknazarov, N.Şengelaya kimi məşhur kinorejisssorlar Bakıya dəvət olunublar.

1936-cı ildə rejissorlar B.Pumpyanski və V.Yeremeyevin “Şöhrətli Azərbaycan” kinoalmanaxında neftçi Piri Nuriyev və pambıqçı Qüdrət Səmədov danışmışlar. Beləliklə də respublikada ilk sinxronlu filmlərin özülü qoyulub.

Elə həmin ildə milli kinomuzun ilk səsli filmi – “Azərfilm”lə “Mejrabpomfilm”in müştərək istehsalı olan “Mavi dənizin sahilində” komediyası çəkilib. Rejissorlar Boris Barnet və Səməd Mərdanov tərəfindən çəkilən “Mavi dənizin sahilində” filmi 1995-ci ildə dünya kinosunun yüz illiyi münasibətilə “Kinovedçeskiye zametki” jurnalının ən nüfuzlu kinoşünaslar arasında keçirdiyi sorğuya əsasən dünya kinosunun ən yaxşı on əsəri siyahısına, həmçinin Fransada Bernar Ayzenşitsin, Rusiyada isə Naum Kleymanın siyahılarına daxil edilib.

“Mavi dənizin sahilində” filminin ikinci rejissoru Səməd Mərdanov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda dahi Sergey Eyzenşteynin emalatxanasında təhsil alıb və Azərbaycan Kino tarixində ilk ali təhsilli rejissordur. Rejissorun birinci müstəqil bədii filmi “Kəndlilər” peşəkarlıq səviyyəsinə görə milli kinomuzun ən yaxşı nümunələrindən biri sayılır.

İkinci Dünya Müharibəsi illərində bədii film istehsalı zəifləsə də, azərbaycanlı kinooperatorlar daim cəbhənin ön xəttində olublar. Operatorlar S.Bədəlov, C.Məmmədov, M.Mustafayev, A.Həsənov və digərlərinin qaynar nöqtələrdən çəkdikləri kadrlar indi də ekrana çıxan xronika materiallarında istifadə olunur. Müharibənin əvvəlindən sovet ordusunun tərkibində İrana-Cənubi Azərbaycana daxil olan operatorlar orada əhalinin həyatını, 1942-ci il noyabrın 7-də Təbrizdə sovet ordusunun hərbi paradını, demokratik hərəkat prosesini və hərəkatın liderlərini lentə alıblar.

1945-ci ildə rejissor Rza Təhmasib “Arşın mal alan” (Ü.Hacıbəyovun eyniadlı operettası əsasında) filmini çəkib. “Arşın mal alan” kino yarandığı gündən bu günə qədər həm ölkə daxilində, həm də ondan kənarda ən çox baxılan Azərbaycan filmidir. Bu film, Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji sorğularda məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə sovet ekranında uzun illər nümayiş etdirilmiş “100 ən sevimli film”in siyahısında “qızıl siyahıya” daxil edilib.

50-ci illərdə Bakıda hind filmləri həftəsi keçirilib. Tamaşaçıların kinoteatrlara olan axınını görən rejissorlar öz filmlərinə hind kinosunun elementlərini daxil etməyə başlayıblar. 50-ci illərdə kino istehsalatında musiqili komediyalar, hind filmləri elementləri ilə zəngin melodramalar - “Bəxtiyar” (rej. Lətif Səfərov 1955), “Görüş” (rej. Tofiq Tağızadə 1955), “O olmasın, bu olsun” (1956), “Qızmar günəş altında” (rej. Lətif Səfərov 1957), “Ögey ana” (rej. Həbib İsmayılov 1958) - üstünlük təşkil edib.

60-cı illərin ortaları 70-ci illərin əvvəllərində vəziyyət dəyişir. Rejissor və ssenarist Həsən Seyidbəyli Azərbaycan kinosuna yeni, düşünən, çoxqatlı qəhrəmanlar gətirib (“Telefonçu qız”, “Sən niyə susursan?”) və s.

Həmin dövrdə çəkilən filmlərdə – “Yenilməz batalyon” (rej. H.Seydizadə 1965), “Mən ki gözəl deyildim” (rej. T.Tağızadə 1968), “Uşaqlığın son gecəsi” (“rej. A.Babayev 1968), “Bir cənub şəhərində” (rej. E.Quliyev 1969), “Bizim Cəbiş müəllim” (H.Seyidbəyli 1969), “Şərikli çörək” (rej. Ş.Mahmudbəyov 1969), “Yeddi oğul istərəm” (rej. T.Tağızadə 1970) - italyan nerealizminin təsiri duyulmağa başlayır.

70-ci illər həm də Azərbaycan kinosuda ilk film operanın yaranması ilə yadda qalıb. 1970-ci ildə rejissor Vladimir Qorriker C.Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar F.Əmirovun eyniadlı operasının əsasında “Sevil” film-operasını çəkib.

70-ci illərin sonu 80-ci illərdə bütün sovet məkanında korrupsiyaya qarşı dövlət səviyyəsində aparılan mübarizə, daha sonra yenidənqurma, aşkarlıq siyasəti kinoda da özünü göstərib. Bu illərdə yaranan filmlərdə (“İstintaq” (rej. R.Ocaqov 1979) “Anlamaq istəyirəm” (rej. O.Mirqasımov 1980), “Onun bəlalı məhəbbəti” (rej. Z.Abbasov 1980), “Şeytan göz qabağında” (rej. O.Mirqasımov 1987)) daha çox sosial mövzulara – cəmiyyətdə təbəqələşmə, rüşvətxorluq, məmur özbaşnalığı yer ayrılıb.

XXI əsrin gəlişi Azərbaycan kinosunda daha çox müstəqil studiyaların sayının nəzərəçarpacaq dərəcədə azalması, özəl vəsaitin kinodan uzaqlaşması ilə yadda qalır. Belə ki, 2000-ci illərdə dövlət, tədricən kinematoqrafiya üçün dominant maliyyə mənbəyinə çevrilmiş və istehsalatı öz nəzarətinə götürüb.

Son bir neçə ildə çəkilən filmlərdən Asif Rüstəmovun “Ev”, Əli İsa Cabbarovun “Düyün” qısametrajlı, Elçin Musaoğlunun “40-cı qapı”, Şamil Nəcəfzadənin “Qala”, Çingiz Rəsulzadənin “Kuklalar” tammetrajlı bədii filmləri Rotterdam, Monreal, Təbriz benyəlxalq kinofestivallarında nümayiş olunub və uğur qazanıb.

Oxşar xəbərlər