Avropa İttifaqı və Türkiyə Brüsseldə sammitdə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırıblar.
Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva özünün “Tvitter” səhifəsində yazıb.
“Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Avropa İttifaqı Şurasının sədri Donald Tusk Aİ sammitində Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə qaçqın böhranının birgə həlli ilə bağlı əsas prinsiplər barədə razılıq əldə edib”, — deyə Andreyeva yazıb.
Aİ Şurasının sədri Donald Tusk miqrantların Avropa İttifaqı ölkələrinə keçmək üçün istifadə etdikləri “Balkan marşrutu” bağlanmasını bildirib.
“Avropa İttifaqı-Türkiyə sammitində liderlər digər qərarları da qəbul ediblər. Bu səbəbdən işimiz çox uzun çəkdi. Deyə bilərəm ki, bu gündən etibarən “Balkan marşrutu” miqrasiya axını üçün bağlandı”, - deyə D.Tusk bildirib.
Lüksemburqun baş naziri Ksavye Bettel bundan əvvəl bəyan etmişdi ki, Tusk Aİ-nin martın 17 və 18-nə təyin olunmuş növbəti sammitinədək Türkiyə tərəfi ilə miqrasiya planının detallarını hazırlayacaq. Onun sözlərinə görə, altı prinsip əsasında işləmək barədə razılıq var. Bununla belə baş nazir bu prinsipləri açıqlamayıb.