Azərbaycan və Çexiya əməkdaşlığı qarşılıqlı inam və etimada əsaslanır

Azərbaycan və Çexiya əməkdaşlığı qarşılıqlı inam və etimada əsaslanır Son dövrlərdə müxtəlif Avropa ölkələrinin yüksək səviyyəli nümayəndələrinin Bakıya səfərləri bu dinamikanın təsadüfi olmadığını aydın şəkildə nümayiş etdirir. Bu tendensiya Azərbaycanın artıq təkcə enerji tərəfdaşı kimi deyil, eyni zamanda siyasi dialoq, regional əməkdaşlıq və çoxtərəfli təşəbbüslər üçün etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir. Xüsusilə Avropa dövlətlərinin Azərbaycana artan marağı regionda sabitliyin təmin olunması, enerji təhlükəsizliyinin gücləndirilməsi və yeni nəqliyyat-kommunikasiya dəhlizlərinin inkişafı kimi strateji prioritetlərlə bağlıdır. Bu ümumi geosiyasi fon Azərbaycan Respublikası ilə Çex Respublikası arasında münasibətlərin inkişafına da müsbət təsir göstərməkdədir. Qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik əsasında formalaşan bu əlaqələr son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Hər iki ölkə siyasi dialoqun gücləndirilməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və enerji təhlükəsizliyi, sənaye, nəqliyyat kimi strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir. Avropa ilə Cənubi Qafqaz arasında mühüm körpü rolunu oynayan Azərbaycan və Avropa İttifaqına üzv olan Çexiya beynəlxalq və regional məsələlərdə də oxşar mövqelərdən çıxış edərək əməkdaşlığın coğrafiyasını və məzmununu davamlı şəkildə genişləndirirlər.
Azərbaycanla Çexiya arasında münasibətlər genişlənir. 2015-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasında strateji tərəfdaşlığın rəsmi əsasını qoyub. Sonrakı illərdə bu Bəyannamə ikitərəfli əlaqələrin inkişafını daha da genişlən üçün əsas sənəd kimi qeyd olunur və enerji, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə təkan verib.Bu ölkənin baş naziri Andrey Babişin ölkəmizə səfəri, Qəbələdə keçirilən görüşlər və verilən bəyanatlar göstərir ki, tərəflər əlaqələri sənaye kooperasiyası, yüksək texnologiyalar və alternativ enerji kimi istiqamətlərdə genişləndirmək niyyətindədir.Çexiya Avropa İttifaqının sənaye baxımından inkişaf etmiş ölkələrindən biri kimi Azərbaycan üçün həm texnoloji, həm də investisiya baxımından cəlbedici tərəfdaşdır. Azərbaycan–Çexiya biznes forumunda səsləndirilən fikirlər də iqtisadi əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirir. Bu forum Azərbaycanın əlverişli investisiya mühiti və regional logistika mərkəzi kimi artan rolunun göstəricisidir. Xüsusilə Orta Dəhliz üzərindən Avropa ilə Asiyanı birləşdirən nəqliyyat imkanları Çexiya şirkətləri üçün yeni perspektivlər açır.
Bundan əlavə, sənaye parkları, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və yaşıl enerji sahələri əməkdaşlığın prioritet istiqamətləri kimi önə çıxır. Çex tərəfi Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirərək bu sahədə əməkdaşlığın genişləndirilməsinə maraq göstərir. Qəbələdə keçirilən görüş zamanı Çexiya baş naziri tərəfindən səsləndirilən “Azərbaycan çox nüfuzlu ölkədir” fikri son dövrlərdə formalaşan geosiyasi reallığın açıq etirafıdır. Bu bəyanat rəsmi Bakının regionda və daha geniş coğrafiyada artan rolunun Avropa paytaxtlarında da qəbul edildiyini göstərir. Bu əməkdaşlıq qarşılıqlı fayda prinsipinə əsaslanır. Azərbaycan Avropa bazarlarına çıxışını genişləndirir, Şərqi Avropa ölkələri isə enerji və nəqliyyat sahəsində yeni imkanlar əldə edir.
Ümumiyyətlə, aprel ayında ölkəmizə baş tutan yüksək səviyyəli səfərlər, keçirilən biznes forumlar və imzalanan sənədlər Azərbaycanın beynəlxalq sistemdə artan rolunu və cəlbediciliyini bir daha nümayiş etdirir.
Nailə Nəsirova-Zabrat bələdiyyəsinin sədri

Oxşar xəbərlər