Energetika sektoru Azərbaycan–Çexiya münasibətlərində xüsusi yer tutur

Energetika sektoru Azərbaycan–Çexiya münasibətlərində xüsusi yer tutur 2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində cənab prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat göstərdi ki, Azərbaycan və Çexiya arasında əməkdaşlıq artıq yalnız diplomatik münasibətlərlə məhdudlaşmır, müxtəlif strateji istiqamətlər üzrə daha geniş məzmun qazanır.
Cənab prezident İlham Əliyev çıxışında vurğuladı ki, hazırda ölkələr arasında fəal siyasi dialoq mövcuddur. Qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və davamlı təmaslar əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır ki, bu da gələcək əməkdaşlıq üçün mühüm zəmin yaradır. Azərbaycan Avropa ölkələri ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verir və Çexiya bu istiqamətdə etibarlı tərəfdaşlardan biri hesab olunur.
İkitərəfli münasibətlərdə diqqət çəkən əsas sahələrdən biri iqtisadi əməkdaşlıqdır. Görüş zamanı iqtisadi sahədə həyata keçirilə biləcək layihələr və konkret təkliflər müzakirə olunub. Ticarət dövriyyəsinin artırılması, sənaye və texnologiya sahəsində yeni imkanların yaradılması hər iki ölkənin maraqlarına uyğun hesab edilir. Azərbaycan öz əlverişli coğrafi mövqeyi və iqtisadi potensialı ilə regionda mühüm tərəfdaş rolunu oynayır. Çexiya isə sənaye və texnoloji inkişaf sahəsində təcrübəsi ilə əməkdaşlığa töhfə verə bilər.
Energetika sektoru Azərbaycan–Çexiya münasibətlərində xüsusi yer tutur. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan qazı hazırda 16 ölkəyə ixrac olunur və həmin ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir. Çexiya da enerji əməkdaşlığının inkişafında maraqlı tərəf kimi çıxış edir. Enerji sahəsində qurulan tərəfdaşlıq həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq da diqqət mərkəzində olan məsələlərdən biridir. Müasir dövrdə təhlükəsizlik və müdafiə məsələləri dövlətlər üçün prioritet istiqamətlərdən sayılır. Bu baxımdan Azərbaycan və Çexiya arasında müdafiə sənayesi üzrə təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi gələcək perspektivlər üçün əhəmiyyətli hesab olunur.
Bütün bunlar göstərir ki, Azərbaycan ilə Çexiya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, energetika və müdafiə sənayesi sahələrində qurulan tərəfdaşlıq iki ölkə arasında əlaqələrin daha da möhkəmlənəcəyindən xəbər verir. Bu səfər yalnız mövcud münasibətlərin təsdiqi deyil, eyni zamanda gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirən mühüm addım kimi yadda qalır.
Bakıxanbov qəsəbəsi, 213 saylı məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Məsumə Abbasova


Oxşar xəbərlər