Eldar Quliyev: “Azərbaycanın xarici siyasət strategiyası regional və qlobal sülhün möhkəmlənməsinə, beynəlxalq əməkdaşlığın bütün sahələrdə genişlənməsinə xidmət edir”

Eldar Quliyev: “Azərbaycanın xarici siyasət strategiyası regional və qlobal sülhün möhkəmlənməsinə, beynəlxalq əməkdaşlığın bütün sahələrdə genişlənməsinə xidmət edir”
Bu gün Azərbaycan dünyanın ən böyük supergücü olan Amerika Birləşmiş Ştatları ilə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Keçən ay ilk öncə ABŞ Ticarət Palatasının nümayəndə heyətinin, bunun ardınca isə ABŞ vitse-prezidentinin Azərbaycana səfərləri təkcə diplomatik və iqtisadi deyil, eyni zamanda mühüm geosiyasi əhəmiyyət kəsb edən hadisədir. Ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya isə Azərbaycan-ABŞ əlaqələrinin əsas inkişaf vektorlarını və perspektivə hesablanan potensial imkanların əhatə sahəsini müəyyən edəcək tarixi sənəddir. Əlbəttə ki, ABŞ kimi qlobal güc mərkəzi ilə münasibətlərin strateji müstəviyə daşınması Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizin qlobal siyasi və iqtisadi proseslərdə etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz nümunəsidir. Ən önəmli məqam isə budur ki, Azərbaycan getdikcə yüksələn nüfuzunun açdığı yeni imkanları da regional və qlobal sülhün möhkəmlənməsinə yönəldir.

Bugünkü buraxılışımızda Azərbaycan-ABŞ münasibətlərinin mahiyyəti, eləcə də ölkəmizin ictimai-siyasi həyatında 2026-cı ilin əvvəlindən bu günə qədər müşahidə olunan mühüm proseslər, baş vermiş önəmli hadisələr barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Xoş gördük Sizi, Eldar müəllim. Bu gün Azərbaycanın davamlı olaraq həyata keçirdiyi xarici siyasət strategiyası özünün yüksək effektivliyi ilə dünyanın aparıcı dövlətlərinin və nüfuzlu siyasi dairələrin diqqətini cəlb edir. Bu strategiyanın mühüm nəticələrindən biri Azərbaycanın dünyanın aparıcı superdövlətləri ilə bərabərhüquqlu əsaslar üzərində münasibətlər qura biməsi və bu münasibətləri uğurla inkişaf etdirərək onları strateji müstəviyə köçürməsidir. Necə bilirsiniz, ölkəmizin ABŞ ilə münasibətlərinin bu istiqamətdə inkişafı daim sülh çağırışları səsləndirən Azərbaycana hansı üstünlükləri verir?


- Əlbəttə ki, ABŞ kimi qlobal güc mərkəzi ilə münasibətlərin strateji müstəviyə yüksəldilməsi ilk növbədə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizin qlobal siyasi və iqtisadi proseslərdə etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz nümunəsidir. Siz tamamilə düzgün qeyd etdiniz ki, Azərbaycan özünün getdikcə artan imkanlarından ilk növbədə yerləşdiyi regionda və dünyada sülhün möhkəmlənməsi işinə töhfələr vermək üçün istifadə edir. Elə bilirəm sizin sualınızı cavablandırmaq üçün ABŞ Ticarət Palatasının nümayəndə heyətinin keçən ay Azərbaycana baş tutmuş səfərini bir qədər incələmək yerinə düşər. Məsələ bundadır ki, bu səfər təkcə diplomatik və iqtisadi deyil, həm də kifayət qədər mühüm geosiyasi əhəmiyyət kəsb edən hadisədir. Prezident İlham Əliyevin nümayəndə heyətilə görüş zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan-ABŞ münasibətləri ardıcıl və sistemli şəkildə inkişaf edir. Eləcə də bu səfərin iki ölkə arasında münasibətlərin fəal mərhələsində baş tutması təsadüfi deyil. Əgər Azərbaycan təcrid olunmuş, etibarsız və qapalı bir ölkə olsaydı, dünyanın ən nüfuzlu biznes platformalarından birini təmsil edən heyət bu səviyyədə və bu məqamda Bakıya səfər etməzdi. Azərbaycan-ABŞ təmaslarının təkcə siyasi deyil, həm də biznes, sərmayə və strateji iqtisadi gündəlik üzərində qurulması xüsusilə önəmli məqamdır. Çünki beynəlxalq biznes dairələri emosiyalara yox, sabitliyə, hüquqi mühitə, öhdəliklərin icrasına və gələcək perspektivlərə əsaslanaraq qərar verirlər. ABŞ Ticarət Palatasının səfəri də həmin meyarların Azərbaycanda mövcud olduğunun açıq göstəricisidir. Qlobal ticarət, beynəlxalq iqtisadi əməkdaşlıq isə yalnız sülh şəraitində mümkündür. Beləliklə də, Azərbaycanın xarici siyasət strategiyasının əsasları ilk növbədə sülh və dinc birgəyaşayış prinsiplərini özündə ehtiva edir

- Məlumdur ki, ölkəmiz həm də NATO üzvü olan dövlətlərlə müxtəlif sahələrdə əməkdaşlıq edir. Bu məqamın Azərbaycan-ABŞ münasibətlərinə təsiri barədə nə deyə bilərsiniz?

- Azərbaycan müstəqil xarici siyasət yürüdən ölkədir və tərəfdaşlıq münasibətləri quracağı ölkələri də yalnız öz milli maraqlarına əsaslanaraq seçir. NATO ölkələri ilə əməkdaşlığa gəlincə, bu təşkilatın ən nüfuzlu üzvlərindən biri qardaş Türkiyədir. Digər tərəfdən bu gün Azərbaycan enerji, ticarət, rəqəmsal transformasiya, süni intellekt kimi sahələrdə etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu artıq mübahisə mövzusu deyil. Azərbaycan Avropa İttifaqı və NATO üzvü olan onlarla ölkənin enerji təhlükəsizliyində açar mövqedə dayanır. Öhdəliklərinə sadiq, siyasi manipulyasiyalardan uzaq, biznes etikasına hörmətlə yanaşan dövlət modeli Azərbaycanın beynəlxalq etibarını daha da gücləndirir. Məhz bu etibar ABŞ biznes dairələrinin ölkəmizə marağının artmasını stimullaşdırır. Əlbəttə ki, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də iqtisadi perspektiv baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın artıq 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verməsi və bu ölkələrin əksəriyyətinin ABŞ-ın müttəfiqləri olması ölkəmizin strateji mövqeyini daha da gücləndirir. Bunu da qeyd edim ki, Xartiyada interkonnektor layihələrinin və təchizat marşrutlarının şaxələndirilməsinin vurğulanması enerji diplomatiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ Vitse-prezidentinin ölkəmizə səfəri iqtisadi əməkdaşlığı daha proqnozlaşdırılan, institusional və uzunmüddətli əsaslara oturdur. Azərbaycan-ABŞ münasibətləri artıq ayrı-ayrı layihələrdən ibarət deyil, genişmiqyaslı iqtisadi tərəfdaşlıq modelinə çevrilir.

- Azərbaycan-ABŞ əlaqələri mövzusunu bir qədər də davam etdirsək, vitse-prezident Cey Di Vensin Azərbaycana səfərini və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanmasını necə şərh edərdiniz?

- Keçən ilin avqust ayından sonra xüsusi dinamika ilə inkişaf edən Azərbaycan-ABŞ əlaqələri artıq yeni, strateji münasibətlər mərhələsinə keçid edir. Bu baxımdan ABŞ vitse-prezidentinin Azərbaycana səfəri və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. Bu səfər iki ölkə arasında həmçinin iqtisadi əməkdaşlığın da yeni və daha sistemli mərhələyə keçdiyini göstərir. Xartiyanın imzalanması təkcə siyasi dialoqun genişlənməsi deyil, həm də uzunmüddətli iqtisadi inteqrasiyanın institusional əsaslarının yaradılması deməkdir. Təsadüfi deyil ki, öz bəyanatında cənab Prezident İlham Əliyev altı ay əvvəl Vaşinqtonda başlanan prosesin artıq konkret nəticə ilə yekunlaşdığını vurğuladı və ikitərəfli gündəliyin geniş spektrini əhatə edən müzakirələrin aparıldığını bildirdi. Həmçinin bəyanatda xüsusi yer alan məqamlardan biri də regional bağlantıların və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi idi ki, bu da Azərbaycanın qlobal ticarət marşrutlarında rolunun artdığını nümayiş etdirir. Əlbəttə ki, dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük perspektivlər vəd edir. Prezident Tramp, Vitse-prezident Vens və onların heyəti Qafqazda sülhə artıq böyük töhfə veriblər. Ötən ilin avqustunda Ermənistan və Azərbaycan məhz Ağ Evdə, Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannamə imzalandı. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq və cənab Prezidentin dediyi kimi, sülh içində yaşamağı öyrənirik. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri də Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin yeni müstəviyə keçidi regionda sülh sahəsində əldə olunmuş nəticələri də gücləndirir.

Söhbətləşdi: Azər Məmmədov
ardı var...

Oxşar xəbərlər