Məğlubiyyətə baxmayaraq, komanda layiqli mübarizə apardı.Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İtaliyada “Napoli”yə 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
“Futbolçular çəkinmədən çıxış etdilər. Sonadək cəsarətli oyun göstərdilər. Rəqibimiz böyük komandadır. Yenə təkrar edirəm, bu cür turnirdə oynayırıq, bütün matçlardan həzz almalıyıq”, - o deyib.
Mütəxəssis birinci qoldan əvvəl edilən əvəzetmələrin oyuna təsir etdiyini söyləyib: “Hər şey plana uyğun gedirdi. Beşli müdafiədən dördlü müdafiəyə keçdiyimiz zaman 8-10 dəqiqə ərzində oyunu itirdik. Bu da matçın taleyinə təsir etdi. Təbii ki, Medinanın oyunda olması digər futbolçulara da müsbət təsir göstərə bilərdi. “Napoli” son iki görüşdə beşli müdafiədə oynayırdı. Rəqibin təcrübəli futbolçuları fərq yaratdılar”.