UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Çelsi" ilə üz-üzə gələcək

UEFA Çempionlar Liqası: "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Enzo Mareska Bakıda oyunla bağlı deyib: "Qarabağ" yaxşı komandadır. Onlar "Benfika"nı (3:2) və "Kopenhagen"i (2:0) məğlub ediblər. "Atletik"lə oyunda da hesabda öndə olsalar da, sonda uduzdular (1:3). Şübhəsiz ki, bizə qarşı da çətin olacaq".

Mareska “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uzunmüddətli fəaliyyətini də yüksək qiymətləndirib:

“Belə bir şeyi indiyədək görməmişəm. Bu, inanılmazdır. Bir klubda 17 il – bu sadəcə heyrətamizdir. Komanda çox güclüdür. Ev oyunlarında çox intensiv oynayırlar. Bu, çətin qarşılaşma olacaq”.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə bildirib ki, komandası "Çelsi" ilə matçda mübariz oyun göstərmək istəyir:

"Bizi maraqlı oyun gözləyir. Güclü komandaya qarşı oynayacağıq. Böyük klubları, yaxşı futbolçuları Bakıda görmək azarkeşlər üçün stimuldur. Oyunçularıma inanıram".

Azərbaycan çempionu hazırda 6 xalla 15-ci, eyni xala malik olan London təmsilçisi 13-cü sıradadır.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı (3:2), II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini (2:0) məğlub edib. "Atlılar" III turda İspaniyada "Atletik"ə (1:3) uduzub.

Oxşar xəbərlər