BDYPİ skuter istifadəçilərinə müraciət edib

BDYPİ skuter istifadəçilərinə müraciət edib Paytaxtımızda müasir şəhərlər üçün xarakterik olan fərdi mobil vasitələrdən istifadənin sayının artması müsbət göstəricidir. Lakin skuter və digər bu tip nəqliyyat vasitələrindən istifadə zamanı yol hərəkəti qaydalarına riayət edilməməsi təhlükəsizlik baxımından yolverilməz olmaqla yanaşı, həm də digər hərəkət iştirakçılarında haqlı narazılıq yaradır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) skuter istifadəçilərinə müraciətində bildirilib.

Qeyd olunub ki, skuter istifadəçiləri tərəfindən ən çox yol verilən qayda pozuntuları sırasında bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır), piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət, işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi, gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət, azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması və digər hallar yer alır.

“Sadalanan qayda pozuntuları təkcə inzibati məsuliyyət deyil, həm də hər an ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə də real zəmin yaradır. Unutmayaq ki, hansı növ nəqliyyat vasitələrini idarə etməyimizdən asılı olmayaraq yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməliyik. Skuter və digər kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət iştirakçısıdır və onlar da digər sürücülər kimi yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməlidirlər”,- deyə müraciətdə vurğulanıb.

Oxşar xəbərlər