
“Qafqazinfo” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bu məqamda kvadrosikl sürənlərə müraciət edib.
Bildirilib ki, kvadrosikllər istər ümumi istifadədə olan yollarda, istərsə də mürəkkəb relyefə malik ərazilərdə idarə edilərkən tarazlığın asanlıqla itirilməsi və açıq quruluşu səbəbindən ciddi təhlükə yaradır.
“Mövcud faktlar göstərir ki, bu nəqliyyat vasitələri ilə baş verən qəzalar zamanı ağır bədən xəsarətləri, travmalar və ölüm halları müşahidə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edərək, yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl olunmasının vacibliyini xatırladır, azyaşlıların bu növ nəqliyyat vasitələri ilə hərəkət etməsinə isə heç bir halda imkan verilməməsini valideynlərin diqqətinə çatdırır.
Unutmayaq: təhlükəsizlik hər birimizin ortaq məsuliyyətidir”, - məlumatda vurğulanıb.