Müstəqilliyimizin 34 İli: Ali Baş Komandanın Rəhbərliyi ilə Qazanılmış Qürurlu Zəfərlər və Böyük Qayıdış Dövrü

Müstəqilliyimizin 34 İli: Ali Baş Komandanın Rəhbərliyi ilə Qazanılmış Qürurlu Zəfərlər və Böyük Qayıdış Dövrü Bu gün – 18 Oktyabr tarixi Azərbaycan xalqının taleyində ən şanlı günlərdən biridir. Bu gün biz Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 34-cü ildönümünü böyük qürur və sonsuz fəxarət hissi ilə qeyd edirik. 1991-ci il oktyabrın 18-də Ali Sovet tərəfindən qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə xalqımız bir daha azad yaşamaq əzmini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi sənədlə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq milli dövlətçiliyimiz bərpa olundu və bu yolda canından keçən şəhidlərimizin ruhu bir daha şad edildi.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il 28 may tarixində Şərqdə ilk demokratik respublika olaraq tarixə düşmüşdü. Təəssüf ki, bu müstəqillik cəmi 23 ay davam etdi. Lakin xalqımız milli yaddaşında azadlıq amalını əsrlər boyu qorudu, bu ideallar 1991-ci ildə yenidən reallaşdı. 1992-ci ildə Üzeyir Hacıbəylinin musiqisi və Əhməd Cavadın sözləri ilə Dövlət Himnimiz, üçrəngli bayrağımız və alov təsvirli səkkizguşəli ulduzlu Dövlət Gerbimiz rəsmən qəbul olunaraq müstəqil dövlətçiliyimizin simvollarına çevrildi.
Müstəqilliyimizin 34 İli: Ali Baş Komandanın Rəhbərliyi ilə Qazanılmış Qürurlu Zəfərlər və Böyük Qayıdış Dövrü

Əldə edilən müstəqilliyi qoruyub saxlamaq isə onu qazanmaq qədər çətin oldu. 1990-cı illərin əvvəlində ölkəmiz həm siyasi, həm də hərbi təzyiqlərlə üz-üzə qaldı. Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizindən çoxu qəsb edildi, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salındı. Lakin Azərbaycan xalqı bu haqsızlıqla heç vaxt barışmadı, torpaqlarının azad olunacağı günə böyük inamla yaşadı.

Bu inamı reallığa çevirən isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev oldu. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən Müharibəsində şanlı ordumuz 30 il davam edən işğala 44 gün ərzində son qoydu. Qarabağ Azərbaycandır! — bu söz artıq təkcə siyasi şüar deyil, reallığın özüdür. Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər əzəli torpaqlarımız azad edildi. Şəhidlərimizin qanı yerdə qalmadı.

Bu gün işğaldan azad edilmiş ərazilərdə möhtəşəm bərpa-quruculuq işləri həyata keçirilir. Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Hava Limanı artıq istifadəyə verilib, Laçında yeni hava limanının da tikintisi sürətlə gedir. Avtomobil və dəmir yolları çəkilir, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası əsasında müasir yaşayış məntəqələri salınır. Bir vaxtlar dağıdılmış şəhərlər indi sanki feniks quşu kimi küldən yenidən doğulur.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əməyin Mühafizəsi Şöbəsinin bir mütəxəssisi kimi fəxrlə deyə bilərəm ki, ölkəmizin iqtisadi dirçəlişində energetika sahəsinin, xüsusilə neft-qaz sənayesinin rolu əvəzsizdir. Məhz bu strateji sahə dövlətimizin maliyyə dayaqlarını gücləndirərək həm ordu quruculuğuna, həm sosial rifahın yüksəldilməsinə, həm də işğaldan azad olunmuş torpaqlarımızın bərpasına möhkəm təməl yaratdı.

Bu gün Azərbaycan iqtisadiyyatı regionun lideridir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində ölkəmiz nəinki öz enerji təhlükəsizliyini təmin edib, eyni zamanda Avropanın da etibarlı enerji tərəfdaşına çevrilib. “Cənub Qaz Dəhlizi” kimi nəhəng layihələr Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirib.
Müstəqilliyimizin 34 İli: Ali Baş Komandanın Rəhbərliyi ilə Qazanılmış Qürurlu Zəfərlər və Böyük Qayıdış Dövrü

Bütün bu nailiyyətlər onu göstərir ki, dövlət müstəqilliyimiz bu gün hər zamankından daha güclüdür. Ən əsası isə bu müstəqilliyin arxasında xalq-iqtidar birliyi dayanır. Bu birlik Vətən Müharibəsində özünü ən yüksək səviyyədə göstərdi. Cəbhədə döyüşən əsgərlə, arxada çalışan fəhlə, həkim, müəllim – hamı bir amal uğrunda birləşdi.

Biz müstəqilliyimizin qədrini bilməli, onu göz bəbəyi kimi qorumalıyıq. Çünki müstəqillik bizim milli kimliyimizdir, şərəfimizdir, ulu babalarımızın bizə mirası, gələcək nəsillərə ötürəcəyimiz ən böyük sərvətdir. Bu gün Müstəqilliyin Bərpası Günü sadəcə bir tarix deyil – bu, həm də məsuliyyət günüdür.

Bu münasibətlə Azərbaycan xalqını, bütün həmkarlarımızı ürəkdən təbrik edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə sağlıq, hərbçilərimizə güc-qüvvət, dövlət başçımıza möhkəm can sağlığı arzulayıram. Qoy üçrəngli bayrağımız daim ucalarda dalğalansın!

Yaşasın müstəqil Azərbaycan! Yaşasın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Böyük Qayıdış dövrünə daxil olan qüdrətli dövlətimiz!

Oxşar xəbərlər