
Əslində Allah ruzi verəndə, onu birbaşa göydən yerə endirib süfrəmizə qoymur. Bu ruzinin bizə çatdırılması üçün vasitəçi insanlar seçir – bu bəzən bir dövlət məmuru olur, bəzən bir işəgötürən, bəzən də, sadə bir vətəndaş. Məhz burda ədalət məsələsi ortaya çıxır.
Əgər,həmin şəxslər düzgün qərar və qanunlarla çalışırlarsa,dövlətə və dövlətçiliyə xidmət edirlərsə,nəticə olaraq bilməlidirlər ki, nəfsinə uyan, mənfəəti hər şeydən üstün tutan insanlar bu ruzini mənimsəyərək cəmiyyətin ümumi balansını pozur.
Dövlət büdcəsini dağıdan, xalqın haqqını yeyən insanlar, təkcə bir fərdin yoxsul qalmasına səbəb olmur. Onlar bütün cəmiyyətin inkişafına, gələcəyinə, təhsilinə, səhiyyəsinə, yollarına, ümumiyyətlə, rifahına zərbə vururlar. Çünki dövlətin büdcəsi bir ailənin deyil, milyonlarla insanın haqqıdır. O vəsait məktəbdə bir uşağın partasına, xəstəxanada bir xəstənin dərmanına, kənddə bir kasıbın yoluna çevrilməlidir. Bu mənimsəmə aktı sadəcə oğurluq deyil – bu, gələcəyin ümidlərinin əlindən alınması, xalqın inamının sarsıdılmasıdır.
Bəziləri düşünür ki, qazandığı vəzifə, aldığı təhsil və biliyi yalnız şəxsi yüksəlişi üçün istifadə edə bilər. Halbuki cəmiyyətin formalaşması üçün hər bir fərd öz bacarığını ümumi rifaha xidmət etmək üçün istifadə etməlidir. Elm, bilik və savad – bunlar cəmiyyətin sərvətidir, yalnız fərdi ucaldan deyil, bütöv milləti ayağa qaldıran dəyərlərdir. Əgər bu dəyərlər yalnız şəxsi dəbdəbə və ehtişama sərf edilirsə, o zaman onların mənası itir və toplumda dərin uçurumlar yaranır.
Ədalət prinsipinə sadiqlik yalnız məhkəmə salonlarında deyil, gündəlik həyatımızda, davranışlarımızda, seçimlərimizdə də,özünü göstərməlidir. İnsanlar unutmamalıdırlar ki, ruzi sadəcə maddi çörək deyil, o həm də mənəvi dəyərlərlə bağlıdır. Haqsız yolla qazanılan ruzi heç vaxt bərəkətli olmur. Onun təmtərağı keçici, zərəri isə qalıcıdır.
Bu gün "Hər kəsin öz ruzusu var" deyərək başqasının haqqını yeyənlər sabah öz vicdanları ilə üz-üzə qalacaqlar. Və unutmamalıdırlar ki, insanların haqqını yemək sadəcə qanun qarşısında deyil, ilahi ədalət qarşısında da cavab tələb edən əməldir. Ruzinin ədalətli bölgüsü həm cəmiyyətin möhkəm təməli, həm də fərdlər arasında güvənin əsas şərtidir.
Ədalət – sadəcə qanunlar toplusu deyil, insan vicdanının səsinə çevrilməlidir. Əgər bu səs boğularsa, nə dövlət, nə cəmiyyət, nə də fərd əmin-amanlıq içində yaşaya bilər.
Bəhram Bilaloğlu