
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları ölkə parlamentinin yaxınlığında Rustaveli prospektini bağlayıblar.
Gürcüstan prezidentinin iqamətgahının qarşısında isə xüsusi təyinatlı dəstələr patrul xidməti aparıb.
Aksiya oktyabrın 4-də baş verən iğtişaşlarla müqayisədə sakit şəkildə baş tutub.
Ölkənin Daxili İşlər Nazirliyi isə yaydığı məlumatda bildirib ki, yaxın günlərdə keçirilən istənilən toplantı oktyabrın 4-ü baş verən iğtişaş və hökumətin devrilməsinə cəhdin davamı kimi qiymətləndiriləcək: “İctimai asayiş və təhlükəsizliyə təhdidin qarşısının alınması üçün müvafiq tədbirlər görəcəyik”.
Bu gün səhər isə Gürcüstan paytaxtında vəziyyətin stabil olduğu müşahidə edilir.
Xatırladaq ki, oktyabrın 4-də Tbilisidə etiraz aksiyası keçirilib. Etirazçılar bu zaman Prezident Sarayına daxil olmağa cəhd ediblər. İnsident zamanı 14 polis xəsarət alıb.